SON XƏBƏRLƏR

İran Məclisi müharibə və “Xameneinin qanının qisası”nın alınmasını tələb etdi

2026.07.14, 20:32
İran Məclisi müharibə və “Xameneinin qanının qisası”nın alınmasını tələb etdi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İranla ABŞ arasında gərginliyin yenidən artdığı bir vaxtda, İran İslam Şurası Məclisinin 180 deputatı (Məclis üzvlərinin təxminən 62 faizi) yaydıqları bəyanatda Əli Xameneinin öldürülməsinin “qisas”ının alınmasını və Tehranla Vaşinqton arasında əldə olunmuş anlaşmanın başa çatması ilə bağlı üç hakimiyyət qolunun rəhbərlərindən rəsmi mövqe açıqlamalarını tələb ediblər.

Bəyanatda Məclis Rəyasət Heyətindən ABŞ-la aparılan danışıqların araşdırılması üçün xüsusi komissiyanın dərhal yaradılması və Hörmüz boğazının idarə olunması haqqında qanun layihəsinin gündəliyə çıxarılması istənilib.

Deputatlar, həmçinin Donald Trampın anlaşmanın başa çatdığı barədə açıqlamasından sonra üç hakimiyyət qolunun rəhbərlərini bu məsələ ilə bağlı “qəti və inqilabi mövqe” nümayiş etdirməyə çağırıblar.

İran mediasının məlumatına görə, bəyanat iyulun 13-də keçirilən parlament iclasında 180 deputat tərəfindən imzalanıb.

Bu mövqe İran hakimiyyətinin bir hissəsinin son həftələrdə ABŞ ilə hər cür danışıqlardan imtina edilməsini və qarşıdurma siyasətinin daha da sərtləşdirilməsini tələb etdiyi bir vaxta təsadüf edir. Tənqidçilərin fikrincə, bu siyasət illərdir ölkə vətəndaşlarına ağır iqtisadi və siyasi bədəl ödədib, inflyasiyanın, yoxsulluğun, beynəlxalq təcridin və sosial rifahın azalmasının dərinləşməsinə səbəb olub.

Son həftələrdə bir sıra deputatlar da ABŞ ilə danışıqlara qarşı çıxaraq son anlaşmanın parlamentin plenar iclasında müzakirə edilməsini tələb etmişdilər.

Bazar ertəsi axşam keçirilən parlament iclası isə İran Məclisinin sədri və ABŞ ilə danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Məhəmmədbağır Qalibafın iştirakı olmadan baş tutub.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar