Rubio bu açıqlamanı Filippinin paytaxtı Manilada keçirilən ASEAN sammiti çərçivəsində, İranın xarici işlər naziri Abbas Əraqçinin “gözə göz” prinsipinə istinad edən sözləri barədə suala cavab verərkən səsləndirib.
“Prezidentin siyasəti gözə qarşı başdır. Onlar etdiklərinə görə çox ağır bədəl ödəyəcəklər. Əslində artıq çox ağır bədəl ödəyirlər”, – deyə Rubio bildirib.
O əlavə edib ki, İranın sənaye və müdafiə sənayesi infrastrukturu “demək olar ki, məhv edilib” və Tehran hər gecə raket buraxılış qurğuları ilə radar sistemlərini itirməkdə davam edir.
“Onlar raket buraxılış qurğularını itirirlər. Hər gecə radarlarını itirirlər. Milyardlarla dollar zərər çəkiblər və iqtisadiyyatları fəlakətli vəziyyətdədir.”
Rubionun sözlərinə görə, İranın sərt bəyanatlarına baxmayaraq, ölkə ciddi itkilər verir və “ağıllarını başlarına yığana qədər daha çox əziyyət çəkəcək”.
“ABŞ-ın məqsədi rejim dəyişikliyi deyil”
Rubio vurğulayıb ki, Tramp administrasiyasının əsas məqsədi nüvə silahına malik olmayan İrandır, rejim dəyişikliyi deyil.
“ABŞ-ın məqsədi nüvə silahı əldə etməyəcək bir İrandır. Bizim əsas diqqətimiz İranın nüvəsizləşdirilməsidir. İran heç vaxt nüvə silahına sahib ola bilməz.”
Vaşinqtonun hazırkı İran rəhbərliyinin hakimiyyətdə qalmasına münasibəti barədə suala cavabında Rubio yenə də əsas məsələnin nüvə silahı olduğunu bildirib:
“Onlar nüvə silahına sahib ola bilməz.”
O həmçinin Trampın heç vaxt rejim dəyişikliyini bu qarşıdurmanın məqsədi kimi elan etmədiyini deyib.
“Əməliyyatın ilk günündən məqsədimiz onların raket buraxılış qurğularını, pilotsuz uçuş aparatlarını, istehsal müəssisələrini və donanmasını zəiflətmək idi.”
Rubio əlavə edib ki, Tramp İran xalqının daha yaxşı rəhbərliyə layiq olduğunu desə də, ABŞ üçün əsas milli maraq İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
“İran hələ razılaşmaya hazır deyil”
Rubio bildirib ki, İran müxtəlif vasitəçilər üzərindən Vaşinqtonla danışıqlar aparmaq üçün dəfələrlə mesaj göndərsə də, onun fikrincə, Tehran hələ real razılaşmaya hazır deyil.
“Onlar hər gün bizə zəng edir, ‘gəlin razılaşaq’ deyirlər. Müxtəlif üçüncü ölkələr vasitəsilə mesajlar göndərirlər. Amma problem ondadır ki, razılaşma əldə etdikdən sonra ya onu pozurlar, ya da şərtlərini dəyişmək istəyirlər.”
Rubio əlavə edib:
“Mən onların hazırda ciddi şəkildə razılaşmaq istədiklərinə inanmıram. Amma düşünürəm ki, tezliklə hazır olacaqlar, çünki ödədikləri bədəl çox ağırdır.”
Rusiyanın mümkün rolu barədə
Rubiodan ABŞ kəşfiyyatının Rusiyanın İranın Ərəb körfəzindəki Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) obyektlərinə pilotsuz uçuş aparatları ilə hücumlarında rolunu araşdırdığı barədə xəbərlər soruşulub. O, konkret iddianı şərh etməkdən imtina edib.
“Fərz edək ki, bu doğrudur. Mən bunu mətbuat qarşısında müzakirə etməzdim.”
Rubio bildirib ki, İran son 20 il ərzində yalnız terrorizmi dəstəkləməklə kifayətlənməyib, həm də uzaqmənzilli və qısamənzilli raketlər, eləcə də pilotsuz uçuş aparatları arsenalını sistemli şəkildə inkişaf etdirib.
Onun sözlərinə görə, Tehran bu imkanlardan nüvə proqramını qorumaq və ona qarşı mümkün addımları çəkindirmək üçün istifadə etməyi planlaşdırırdı.
“İranın imkanlarına qarşı həyata keçirdiyimiz hərbi əməliyyatlar nəticəsində dünya daha təhlükəsiz olacaq.”
C