SON XƏBƏRLƏR

ABŞ SEPAH-la əlaqəli dəniz sığortası şəbəkəsini sanksiyaya məruz qoydu

2026.07.29, 20:15
ABŞ SEPAH-la əlaqəli dəniz sığortası şəbəkəsini sanksiyaya məruz qoydu

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, ABŞ Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiyalar tətbiq edərək səkkiz neft tankerini, 10 qurumu və SEPAH-la əlaqəli iki dəniz sığortası şirkətini Hörmüz boğazında ticarət gəmilərindən qanunsuz gəlir əldə etməkdə ittiham edərək sanksiya siyahısına daxil edib.

ABŞ Maliyyə Nazirliyi çərşənbə günü bildirib ki, sanksiyaya məruz qalan qurumlardan altısı Çində yerləşir. Nazirliyin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) isə Hörmüz boğazında “SEPAH tərəfindən dəstəklənən hədə-qorxu və pul tələb etmə sxemində əsas rol oynayan” iki şirkəti də sanksiyaya salıb.

Nazirliyin açıqlamasına görə, bu sxem çərçivəsində ticarət gəmiləri Hörmüz boğazından keçmək üçün “məcburi dəniz sığortası” almağa məcbur edilirdi. Bildirilir ki, bu sığorta guya gəmiləri müsadirə kimi risklərdən qorumaq üçün təqdim olunurdu, halbuki həmin risklərin əksəriyyəti İranın özü tərəfindən yaradılırdı.

ABŞ Maliyyə Nazirliyi qeyd edib ki, İran “Körfəz Dəniz Sığortası Şirkəti” və “HormuzSafe Dəniz Xidmətləri Təşkilatı” vasitəsilə SEPAH tərəfindən təsdiqlənən sığorta sənədlərini sataraq dəniz xidmətləri adı altında ticarət gəmilərindən gəlir əldə edir və bu yolla SEPAH-ın maliyyələşdirilməsinə vəsait yönəldir.

Açıqlamada həmçinin bildirilir ki, bu şəbəkə ödənişləri qəbul etmək və beynəlxalq sanksiyalardan yayınmaq üçün rəqəmsal aktivlərdən (kriptovalyutalardan) istifadə edir. Vaşinqtonun fikrincə, bu üsul İrana gəmiçilik fəaliyyətinə nəzarəti gücləndirməyə və SEPAH-a daha çox maliyyə vəsaiti ötürməyə imkan verir.

ABŞ Maliyyə naziri Skott Bessent deyib: “İqtisadiyyatın sərbəst enişə keçdiyi və inflyasiyanın üçrəqəmli səviyyəyə çatdığı bir vaxtda İran rejiminin pula ciddi ehtiyacı var. ABŞ İranın qlobal ticarəti girov götürməsinə və ya beynəlxalq gəmiçilikdən terrorizmin, təcavüzkar fəaliyyətlərin və SEPAH-ın repressiyalarının maliyyələşdirilməsi üçün istifadə etməsinə imkan verməyəcək.”

Bu sanksiyalar Donald Trampın ABŞ ordusunun İran tərəfindən Yaxın Şərqdəki Amerika qüvvələrinə doğru atılmış bir neçə ballistik raketi zərərsizləşdirdiyini açıqlamasından sonra “İrana ağır zərbə endiriləcək” bəyanatını verməsindən bir neçə saat sonra tətbiq olunub.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar