SON XƏBƏRLƏR

Nazir Azərbaycan-Ermənistan normallaşma prosesində bir sıra əlavə irəliləyişlər gözlənildiyini deyib

2026.08.04, 15:31
Nazir Azərbaycan-Ermənistan normallaşma prosesində bir sıra əlavə irəliləyişlər gözlənildiyini deyib

Azərbaycan Ermənistanla nəqliyyat-kommunikasiya əlaqələrinin açılması istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirir.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis ilə birgə mətbuat konfransında deyib.

Nazir deyib ki, Azərbaycan-Ermənistan normallaşma prosesində bir sıra əlavə irəliləyişlər gözlənilir və Vaşinqton sülh sammiti zamanı sənədə daxil edilmiş TRİPP layihəsi bunlardan biridir:

Ceyhun Bayramov bildirib ki, Ermənistan-Azərbaycan normallaşma prosesi çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində işlər davam edir.

"Gözləntimiz ondan ibarətdir ki, hazırlıq mərhələsi başa çatdıqdan sonra Ermənistanda artıq tikinti işlərinə başlanılsın. Azərbaycan öz üzərinə düşən işləri böyük ölçüdə yerinə yetirib", – deyə Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, Ermənistan ərazisində görülməli olan işlər də var.

Ceyhun Bayramov əlavə edib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının bərpası regionun iqtisadi inkişafına mühüm töhfə verəcək.

"Bu layihələrin həyata keçirilməsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməklə yanaşı, bütövlükdə region üçün yeni iqtisadi imkanlar yaradacaq. Bu, həm Azərbaycan və Ermənistan, həm də daha geniş coğrafiya üçün faydalı olacaq", – deyə nazir bildirib.

Nazir əlavə edib ki, bütün bu proseslər region üçün olduqca yüksək nəticələr vəd edir.

"Artıq Azərbaycandan Ermənistana neft məhsullarının daşınması mövcuddur. Növbəti mərhələdə hesab edirik ki, ticarət genişlənə də bilər", - Ceyhun Bayramov qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar