SON XƏBƏRLƏR

Rusiya neft tankeri Oman sahillərini təhdid edir

2026.08.13, 21:38
Rusiya neft tankeri Oman sahillərini təhdid edir

Rusiya neft tankerindən sızan neft Oman sahillərini təhdid edir.

Gunaz.tv

GünAz TV xəbər verir; Britaniyanın dəniz risklərinin idarə edilməsi və təhlükəsizlik şirkəti Ambrey Rusiyanın “kölgə donanması”na məxsus neft tankerinin Oman sahillərindən köçürülməsi və neft sızmasının qarşısının alınması əməliyyatına rəhbərlik etdiyini açıqlayıb.

Şirkətin mütəxəssisləri Oman Hərbi Hava Qüvvələrinin dəstəyi ilə “Caroline Bezengi” gəmisinə daxil olublar. İlkin qiymətləndirmədən sonra gəminin vəziyyətini sabitləşdirmək üçün tədbirlərə başlanılıb. Ambrey-in qlobal cavablandırma direktoru Ed Voulston “Xərif” mussonları nəticəsində yaranan əlverişsiz hava şəraitini əməliyyat üçün ciddi təhlükə və böyük çətinlik kimi qiymətləndirib.

Peyk görüntüləri neft ləkəsinin yüzlərlə kvadrat kilometr əraziyə yayıldığını göstərir. Bu vəziyyət bölgədəki heyvanlar və qorunan dəniz əraziləri üçün ciddi təhlükə yaradır. Ekspertlər xəbərdarlıq ediblər ki, tanker batarsa və ya gövdəsindəki çat genişlənərsə, 800 min barellik yükün tamamilə dənizə axması misli görünməmiş ekoloji fəlakətə səbəb ola bilər.

Bu gəmi iyun ayından etibarən səbəbi məlum olmayan partlayışdan sonra Omanın cənub-qərbində yerləşən “Əl-Qəbliyyə” adası yaxınlığında hərəkətsiz qalıb.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar