SON XƏBƏRLƏR

Tramp Ontario gölünün adını dəyişdi (VİDEO)

2026.08.27, 19:31
Tramp Ontario gölünün adını dəyişdi (VİDEO)

Gunaz.tv

ABŞ Prezidenti Donald Tramp Kanada ilə davam edən ticarət gərginliyi fonunda Ontario gölünün adının «Amerika gölü»nə dəyişdirilməsini təklif edib.

GunAzTV xəbər verir ki, Tramp çərşənbə günü Truth Social platformasında ABŞ-ın Ontario gölünün adını Lake America olaraq dəyişdirməyi «ciddi şəkildə nəzərdən keçirdiyini» bildirib.

Tramp daha sonra Ağ Evin Oval kabinetindən Ontario gölünün xəritəsini göstərən video yayımlayıb. O, videoda deyib: «Kiçik bir dəyişiklik etmək istəyirik. Ona Amerika gölü deyəcəyik.»

Tramp daha sonra qələmlə xəritədə Lake Ontario yazısının üzərindən xətt çəkərək onun yerinə Lake America yazıb.

O, Meksika körfəzinin adının «Amerika körfəzi» olaraq dəyişdirilməsinə də istinad edərək deyib: «İndi həm Amerika körfəzimiz var, həm də Amerika gölümüz.»

Trampın bu açıqlaması ABŞ və Kanada arasında ticarət gərginliyinin artdığı bir vaxtda səslənib. Kanada rəsmiləri isə gölü bundan sonra da Ontario gölü adlandıracaqlarını bildiriblər.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar