SON XƏBƏRLƏR

Güney Koreya: Trampın Hörmüz boğazı ilə bağlı müraciəti rədd edilməyib

2026.09.20, 18:40
Güney Koreya: Trampın Hörmüz boğazı ilə bağlı müraciəti rədd edilməyib

Gunaz.tv

Güney Koreya Prezident Administrasiyası bildirib ki, Prezident Li Ce Myonqun müharibədə iştirak etmək üçün hərbi qüvvə göndərməyəcəkləri barədə açıqlaması ABŞ Prezidenti Donald Trampın Seulun Hörmüz boğazı ilə bağlı məsələlərdə iştirak etməsi barədə müraciətinin rədd edilməsi anlamına gəlmir.

“Yonhap” xəbər agentliyinin məlumatına görə, Prezident Administrasiyasının rəsmisi bildirib ki, Seul bölgədə iştirakın praktiki yollarını nəzərdən keçirir və eyni zamanda vətəndaşlarının və milli maraqlarının qorunması məqsədilə ABŞ da daxil olmaqla beynəlxalq ictimaiyyətlə yaxın təmasları davam etdirir.

Rəsminin sözlərinə görə, Güney Koreya müharibəyə və ya hərbi qarşıdurmaya müdaxilə etməmək prinsipini qorumaqla konkret variantları nəzərdən keçirməyə davam edəcək.

Li Ce Myonq cümə günü bildirib ki, Güney Koreya müharibədə iştirak etmək və ya müdaxilə etmək üçün hərbi qüvvə göndərməyəcək.

O, eyni zamanda bölgədə yerləşən “Çonqhe” hərbi dəniz dəstəsinin mövcudluğuna diqqət çəkib. Bu bölmənin əsas vəzifələri dəniz quldurluğuna və Güney Koreya vətəndaşlarının təhlükəsizliyinə qarşı təhdidlərə qarşı mübarizə aparmaqdır.

Prezidentin sözlərinə görə, Seul bu bölmənin bölgədəki rolunun gücləndirilməsi yollarını nəzərdən keçirir.

 

GunAz TV 
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar