SON XƏBƏRLƏR

Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid

2026.09.23, 17:33
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid

Araqçınin Vitkofla görüşü İranda SEPAH-a yaxın media və deputatların tənqidi ilə qarşılanıb.

Gunaz.tv

İranın xarici işlər naziri Abbas Araqçınin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkofla Nyu-Yorkda BMT Baş Assambleyasının kənarında görüşməsi və danışıqlar aparması SEPAH-a yaxın bir sıra xəbər agentlikləri və İran parlamentinin deputatlarının sərt tənqidinə səbəb olub.

Tənqidçilər bildirirlər ki, bu görüş ABŞ-ın İrana qarşı təzyiqlərinin gücləndiyi, xüsusilə «İranın iqtisadi təcridi» planının başladığı bir vaxtda Vaşinqtonun maraqlarına xidmət edə bilər.

«Tasnim» xəbər agentliyi çərşənbə günü «Cənab Araqçı! Bundan daha uşaqcasına və səviyyəsiz arqumentiniz yox idi?» başlıqlı yazısında görüşün məqsədi ilə bağlı verilən izahı rədd edib və xarici işlər nazirindən «üzr istəməsini» tələb edib.

İranın dövlət televiziyası olan İRİB çərşənbə axşamı axşamı Araqçınin ABŞ tərəfinin «israrı ilə» Vitkofla görüşdüyünü və görüşün məqsədinin Hörmüz boğazının açılması üçün İranın «şərtlərini çatdırmaq» olduğunu bildirib. «Tasnim» də həmin gecə bu məlumatı yayıb.

Lakin «Tasnim» çərşənbə günü dərc etdiyi yazıda İranın müharibəyə son qoyulması və Hörmüz boğazının açılması ilə bağlı şərtlərinin «əvvəldən» vasitəçilər vasitəsilə ABŞ-a çatdırıldığını yazıb. Agentliyin mövqeyinə görə, həmin şərtlərin yenidən çatdırılması ABŞ tərəfi ilə əlaqə yaratmaq üçün əsaslandırma ola bilməz.

Agentlik daha sonra Araqçı ilə Vitkof arasında keçirilən görüşlə bağlı verilən izahları tənqid edib və İranın xarici işlər nazirindən açıqlama tələb edib.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar