SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe

2026.09.26, 17:32
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe

Gunaz.tv

GünAz TV-nin məlumatına görə, “Wall Street Journal” qəzeti Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin ABŞ hökumətindən İrana qarşı iqtisadi təzyiqlərin və dəniz blokadasının yeni razılaşma əldə olunana qədər davam etdirilməsini istədiyini yazıb.

Məlumata görə, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ rəsmilərinə dəniz blokadasının Tehran yeni razılaşma imzalamağa məcbur edilənə qədər davam etdirilməli olduğunu bildirib.

BƏƏ rəsmiləri də gəmiçiliyə qarşı davam edən gərginlik və hücumları əsas gətirərək, İrana qarşı təzyiqlərin hər hansı formada azaldılmasına şübhə ilə yanaşıb və “Ərəb Körfəzi ölkələri”nin İranın Hörmüz boğazı üzərində daimi nəzarətini qəbul etməməli olduğunu bildiriblər.

Bu mövqe Qətər və Oman Tehran və Vaşinqton arasında danışıqların bərpası üçün səylər göstərdiyi və Oman-da yeni danışıqlar raundunun keçirilməsi ehtimalının müzakirə olunduğu bir vaxtda irəli sürülüb.

“Wall Street Journal” bu inkişafları Səudiyyə Ərəbistanı və BƏƏ-nin əvvəlki aylarla müqayisədə mövqeyindəki nisbi dəyişikliklə əlaqələndirib. Həmin dövrdə bu ölkələr daha çox danışıqlar və gərginliyin azaldılması yolunu önə çəkirdilər.

Qəzetin xəbəri danışıqlardan məlumatlı şəxslərin açıqlamalarına əsaslanır. Səudiyyə Ərəbistanı və BƏƏ tərəfindən xəbərdəki detallarla bağlı hələlik ayrıca rəsmi açıqlama verilməyib.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar