SON XƏBƏRLƏR

Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir

2026.10.18, 16:09
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir

Gunaz.tv

Həsənu meşələrinin, xüsusilə Kələm kəndinin ətrafında yaşayan sakinlərin etirazlarına və təbii sərvətlər və ətraf mühit qurumlarının icazə verilmədiyini bildirməsinə baxmayaraq, Güney Azərbaycanda Qaradağ meşələrinin ərazisinə mədən və yol tikintisi texnikasının yenidən, səssiz şəkildə gətirildiyi bildirilir.

Yerli məlumatlara görə, “Süngün” mis mədəni şirkəti, Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adları bölgədəki kəşfiyyat işləri ilə əlaqədar hallanır. Texnikanın yenidən əraziyə gətirilməsi qazıntı işlərinin davam etdirilməsi, meşə və otlaqların dağıdılması, eləcə də tarixi abidələrin zərər görməsi ilə bağlı ciddi narahatlıq yaradıb. Uran axtarışı ehtimalı da irəli sürülür.

Həsənu meşələri müxtəlif heyvan növlərinin, o cümlədən ceyran, qonur ayı, canavar, qaban, tülkü, çaqqal, yırtıcı quşlar və qara xoruzun yaşayış məskənidir. Ağır texnikanın, yolların və düşərgələrin salınması, qazıntılar və bitki örtüyünün məhv edilməsi bu canlıların yaşayış mühitini təhlükə altına sala, torpaq eroziyasına və ekoloji tarazlığın pozulmasına səbəb ola bilər.

Bölgə sakinləri icazələrin olub-olmamasının və aparılan işlərin mahiyyətinin dərhal açıqlanmasını tələb edirlər. Onlar ekoloqları, qeyri-hökumət təşkilatlarını, təbii sərvətlər üzrə mütəxəssisləri, mədəni irs fəallarını və müstəqil media nümayəndələrini Həsənu və Qaradağ meşələrinin qorunması üçün məsələni ciddi şəkildə izləməyə çağırıblar.


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar