SON XƏBƏRLƏR

İran rəsmisi: “Amerika və İsrail bilməlidir ki, Suriyadakı bu vəziyyət dəyişməyəcək”

2021.10.20, 07:36
İran rəsmisi: “Amerika və İsrail bilməlidir ki, Suriyadakı bu vəziyyət dəyişməyəcək”

Gunaz.tv

GünAzTV: İran Silahlı Qüvvələrinin baş qərargah rəisinin müşaviri Məsud Cəzayiri iyunun 3-də jurnalistlərə açıqlamasında İran hərbi qüvvələrinin Suriyadan çıxması ilə bağlı dünya mediasında yayılan məlumatlara münasibət bildirib.

 

“Sepah”ın “Qüds” qanadının Suriyadakı hərbi qüvvələrini “müstəşar” adlandıran Cəzayiri bildirib ki, rəsmi Tehran, İranın Suriyadan çıxması ilə bağlı mediada yayılan “təbliğat xarakterli” xəbərlərin təsiri altına düşməyəcək: “İranla Suriya arasında dərin strateji əlaqələr mövcuddur. Amerika və region mürtəcelərindən fərqli olaraq, iranlı müstəşarlar Suriya hökuməti və xalqının istəyi ilə bu ölkəyə göndərilib.

 

Sionist rejimin ən böyük qorxusu, islam döyüçülərinin onun sərhədlərinə yaxınlaşaraq onunla həmsərhəd olmasındandır. Hazırda isə bu artıq gerçəkləşdirilib. Məhz buna görədir ki, Amerika və İsrail Suriyadakı bu durumu dəyişmək üçün dəridən-qabıqdan çıxır, əllərindən gələni edirlər. Lakin onlar bilməlidir ki, bu vəziyyət dəyişməyəcək. Bizim Suriya ilə qədim əlaqələrimiz var. Bu, həm də strateji əlaqələrdir. Elə buna görə də, hesab edirəm ki, məsələ ilə bağlı hər hansı bir razılaşma olsa belə, bu İranla Suriya hökumətləri arasında olacaq”.

 

Xatırladaq ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi, mayın 21-də jurnalistlərə açıqlamasında Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyevin İranın Suriyadan çıxması ilə bağlı səsləndirdiyi son bəyanatına kəskin reaksiya vermişdi: “Heç kəs İranı istəmədiyi işə, Suriyadan şıxmağa məcbur edə bilməz. İran, bölgədə və dünyada özünün milli maraqları əsasında siyasətini təyin edən müstəqil bir ölkədir. İranın Suriyada hərbi mövcudluğu, rəsmi Dəməşqin dəvəti ilə gerçəkləşdirilib. Bizim əsas hədəfimiz, Suriyada terrorizmə qarşı mübarizə aparmaq, bu ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasıdır. Biz, lazım olan vaxta qədər və Suriya hökuməti bizdən yardım istədiyi qədər bu ölkədə qalacaq, regionda terrorizmə qarşı mübarizəmizi davam etdirəcəyik”.

 

A.M

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar