SON XƏBƏRLƏR

Təbrizli bəhai Şəbnəm İsaxani həbs edilib

2021.10.20, 07:36
Təbrizli bəhai Şəbnəm İsaxani həbs edilib

Gunaz.tv

GünAzTV: İranda bəhai dininə mənsub azərbaycanlı Şəbnəm İsaxani həbs edilib.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, Şəbnəm İsaxani noyabrın 20-də əvvəlki çağırışa əsasən ETTELAAT-ın Təbrizdəki bölməsinə müraciət edəndən sonra həbs edilib. Onun konkret nəyə görə saxlanıldığı haqda hər hansı bir məlumat yayılmayıb.

 

ETTELAAT-ın Təbriz bölməsinin əməkdaşları, noyabrın 19-da təbrizli bəhai Şəbnəm İsaxaninin mənzilinə basqın etmişdilər. Basqın zamanı Şəbnəm  evdə olmadığı üçün təhlükəsizlik qüvvələri onu tutub apara bilməmişdilər. Evdə yoxlama aparan təhlükəsizlik qüvvələri Şəbnəmə məxsus bir sıra şəxsi əşyaları götürdükdən sonra onun ailə üzvlərinə bildirmişdilər ki, Şəbnəm noyabrın 20-si sübh saatlarında Təbrizin ETTELAAT idarəsinə gedib özünü təslim etməlidir.

 

Xatırladaq ki, son günlər Təbrizdə daha 5 azərbaycanlı bəhai təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıb.

 

ETTELAAT-ın yerli bölməsinin əməkdaşları təbrizli bəhailər, Fərzad Bahaduri, Şəhriyar Xodapənah və Kambiz Misaqini noyabrın 17-də, Monika Əlizadə (Əqdəsi) və Xeyrullah Bəxşini isə noyabrın 18-də şəxsi mənzillərində tutub naməlum istiqamətə aparıblar. Hər 5 bəhainin evlərində yoxlamalar aparılıb, onlara məxsus bir sıra şəxsi əşyalar və bəhai dininə aid kitablar götürülüb.

 

 

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının ana yasası, bəhai dinini müstəqil bir din kimi tanımır. Məhz buna görə də, son 40 ildə ölkədə bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb. İrandakı ruhanilərin təhriki ilə “Hizbullah”çı dəstələr, vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını dağıdırlar. 1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə kimi, ölkədə yüzlərlə bəhai edam edilib.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar