SON XƏBƏRLƏR

Şərqi Azərbaycan valisi: “Təhsil ocaqlarının açılışı günündən həftədə 2 saat türk dili tədris olunacaq”

2021.10.20, 07:36
Şərqi Azərbaycan valisi: “Təhsil ocaqlarının açılışı günündən həftədə 2 saat türk dili tədris olunacaq”

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan valisi təhsil ocaqlarının açılışı günündən (sentyabrın 23-ü, hicri-şəmsi təqvimi ilə mehrin 1-i) əyalətin bir neçə məktəbində türk dili və ədəbiyyatının tədris olunacağını bildirib.

 

Bu barədə Məhəmmədrza Purməhəmmədi sentyabrın 17-də Şərqi Azərbaycan Təhsil İdarəsi Şurasının keçirdiyi iclasda çıxışı zamanı məlumat verib.

 

“Sentyabrın 23-dən əyalətin bir neçə məktəbində türk dili və ədəbiyyatı tədris olunacaq. Fars dili ölkəni birləşdirən rəsmi dildir. Lakin ana dilinin tədris olunması da konstitusiyada qeyd olunub, ölkənin yüksək rütbəli vəzifəli şəxsləri də məktəblərdə ana dilinin tədris olunması ilə razıdır.”- deyə o bildirib.

 

Vali türk dilinin həftədə 2 saat tədris olunmasını elan etsə də, şagirdlərin bu dildə təhsil almasına qarşı olduğunu bu cümlələrlə dilə gətirib: “Mən ana dilində təhsil almaq deyil, amma ana dilinin tədris olunmasını hər zaman müdafiə etmişəm. Məktəblərdə türk dilinin tədrisinə başlanılması ilə bəzi insanların müəyyən hədəflərə yönəlmiş təhdid və bəhanələrinin qarşısı da alınacaq.”- deyə Məhəmmədrza Purməhəmmədi qeyd edib.

 

Avqust ayında Şərqi Azərbaycan Təhsil İdarəsinin rəisi Cəfər Paşayi yeni dərs ilində türk dilinin tədrisi istiqamətində sınaq dəsrlərinə başlanılacağını bildirmişdir. Onun sözlərinə görə, Şərqi Azərbaycanın bəzi məktəblərində şagirdlərə həftədə iki saat, dərs ili ərzində isə cəmi 60 saat türk dili dərsi tədris olunacaq.

 

Hələlik türk dili dərslərinin həftədə 2 saat eksperimental tətbiqi haqda geniş məlumat yoxdur. Layihənin təfərrüatı məlum olmadığı üçün bu barədə dəqiq heç nə demək mümkün deyil. Lakin bu layihə məktəblərdə ana dilinin tədrisi ilə bağlı olan konstitusiyanın 15-ci maddəsinin icrasını unutdurmaq məqsədi ilə həyata keçiriləcəksə, və ya dərsliklərin mətni türk dilindən daha çox fars dilini əks etdirəcəksə, o zaman dövlətin qeyri səmimi olduğu bir daha üzə çıxacaq.

İranda on milyonlarla Azərbaycan türkü ana dilində təhsil almaq, ölkə üzrə yayımlanan türk dilində televiziya və qəzet, eləcə də bir çox milli və mədəni hüquqdan məhrumdur. İran rejimi ölkədə xarici dillərin tədrisinə külli miqdarda vəsait xərclədiyi halda, məktəb və universitetlərdə türk dilinin tədris olunmasına icazə vermir. Bu məsələ uzun illərdir azərbaycanlıların kəskin etirazı ilə qarşılanır.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar