O, bildirib ki, azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparılarkən azı 98 şəxsə aid meyit qalıqları aşkar edilib, onlarla bağlı hərtərəfli iş gedir.
“Respublikanın şəhər və rayonlarında kimliyi müəyyən edilmədən basdırılmış 183 nəfərə aid meyit qalığı aşkar edilib”, - Xanlar Vəliyev əlavə edib.
Hərbi prokuror qeyd edib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş 3 min 890 şəxsin 3 min 407 ailə üzvündən 10 min 815 bioloji nümunə götürülüb.
Hərbi prokuror onu da bildirib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin meyit qalıqlarının basdırıldığı ərazilər Ermənistanda mövcuddur: “Amma bu gün Ermənistan tərəfi həmin yerlərin koordinatlarını verməkdən yayınır.
3 min 890 nəfər itkindən sadəcə 120 nəfər şəxsin meyit qalıqları Ermənistan tərəfindən Azərbaycana təhvil verilib”.
Hərbi prokurorun sözlərinə görə, azad edilmiş ərazilərdə mina problemi də hələ qalmaqdadır: “Ermənistan tərəfi real minalarla çirklənmiş ərazilərin xəritələrini bu gün də vermir. Bu səbəblə də azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərin yerlərini müəyyən etmək çətinləşdirir.
Azərbaycanda hələ də gümanlar var ki, itkin düşmüş şəxslərin bir qismi sağdır və Ermənistanda qul kimi işlədilir. Digər qismi isə qətl edilərək kütləvi məzarlıqlarda basdırılıb”.