SON XƏBƏRLƏR

Admiral Ceyms Malloy: “Səudiyyə Ərəbistanının neft təsisatına qarşı hücumlar neft tankerlərinə edilən hücuma bənzəyir”

2021.10.20, 07:36
Admiral Ceyms Malloy: “Səudiyyə Ərəbistanının neft təsisatına qarşı hücumlar neft tankerlərinə edilən hücuma bənzəyir”

Gunaz.tv

GünazTV: Amerika Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasının komandanı admiral Ceyms Malloy oktyabrın 4-də jurnalistlərə açıqlamasında İranın region ölkələrinə qarşı hərbi təhdidindən və Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco təsisatlarına qarşı hücumundan danışıb.

 

O deyib ki, Aramco-ya hücumdan sonra İranın regionda təhdidedici hərbi durumunda hər hansı bir dəyişiklik yaranmayıb: “Hesab edirik ki, İran əvvəlki mövqeyindən əsla geri oturmayıb. Səudiyyə Ərəbistanının neft təsisatına qarşı hücumlar, körfəzdə və Oman dənizində neft tankerlərinə qarşı edilən hücumlara bənzəyir. Çevik və gizli şəkildə həyata keçirilən bu hücumlarda isə əsas məqsəd, qarşı tərəfə hədələyici bir mesaj göndərmək olub.

 

Hazırda İranın raketlərlə bağlı fəaliyyətləri, o cümlədən də raketlərin anbarlara daşınması və ya anbarlardan çıxarılaraq digər bir məkana daşınması tam nəzarətdə saxlanılır. Mən isə İranın bütün bu kimi hərəkətləri ilə bağlı gündəlik məlumatlar alır, bu kimi fəaliyyətlərin nəticəsini araşdırıram” –deyə Amerika Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasının komandanı admiral Ceyms Malloy əlavə edib.

 

Regiona qırıcı təyyarələr daşıyan əlavə donanmaların ezam edilməsi ehtimalına toxunmayan Malloy deyib ki, hazırda bölgədə olan hərbi gəmilərin əsas vəzifələrindən biri İranın qonşularına və beynəlxalq neft tankerhlərinə qarşı hücumların qarşısını almaqdır: “Biz regional müttəfiqlərimizlə hərbi və təhlükəsizlik məsələləri ilə bağlı fikir və informasiya mübadiləsi aparırıq. Biz əslində bir-birimizin iştirakı ilə körfəzdə regional bir müdafiə sistemi yaratmışıq” –deyə, admiral Malloy bəyan edib.

 

Qeyd edək ki, hazırda körfəz regionunun təhlükəsizliyini qorumaq məqsədilə Amerikanın başçılıq etdiyi koalisiyaya Böyük Britaniya, Avstraliya, Bəhreyn, Səudiyyə Ərəbistanı və Bİrləşmiş Ərəb Əmirlikləri qoşulub.

 

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xuraisd neft təsisatlarında güclü yanğın baş verib. Neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.

 

 

Rəsmi Ər-Riyad və Vaşinqton hücumların İran ərazisindən həyata keçirildiyini bildirsələr də, rəsmi Tehran bu ittihamı rədd edərək, hücumların Yəməndəki Husilər tərəfindən gerçəkləşdirildiyini iddia edir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar