SON XƏBƏRLƏR

Bakının xilaskarı Nuru Paşanın anım günüdür

2022.03.02, 08:50
Bakının xilaskarı Nuru Paşanın anım günüdür

Gunaz.tv

Nuru Killigil 1889-cu ildə İstanbulda anadan olub. İlkin təhsilini başa vurduqdan sonra əmisi Xəlil Paşanın və qardaşı Ənvər Paşanın yolunu davam etdirərək, 1906-cı ildə Quru qoşunları məktəbinə daxil olur. 

1909-cu ildə bu məktəbi başa vuran Nuru Paşa Osmanlı ordusu sıralarında zabit kimi xidmətə başlayır. 

1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi müzəffər Qafqaz İslam Ordusu Azərbaycanın paytaxtını- Bakı şəhərini, Azərbaycan Xalq Cümhuriyyətinin digər ərazilərini- Naxçıvandan Bakıya, Batumdan Gəncəyə qədər çoxsaylı bölgələri, şəhər və qəsəbələri yadelli bolşevik-erməni işğalçılarından azad edib. 

1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Nuru Paşa başda olmaqla, yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu hissələri ilə birlikdə döyüşə-döyüşə Bakıya daxil olub. 

30 oktyabr 1918-ci ildə imzalanan "Mondoros sülh müqaviləsi”nə uyğun olaraq, Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu da Bakını və Azərbaycanın milli hüdudlarını, bütövlükdə Qafqazı tərk etmək məcburiyyətində qalır. 

Onun rəhbərlik etdiyi ordu həmin ildə buraxılır. Nuru Paşa 1919-cu ildə Batum vasitəsilə Qafqazı tərk etmək istərkən avqustun 8-də ingilis silahlı qüvvələri komandanlığının tapşırığı ilə həbs edilir. Lakin, həbs yerinə aparılarkən yerli müsəlman əhalinin köməyi ilə o, ingilislərin əlindən alınır və gizli yollarla Türkiyəyə yola salınır.

Türkiyəyə qayıdan Nuru Paşa öz doğma vətənində yeni sınaqlarla və təqiblərlə üzləşir. 

1920-ci il sentyabr ayının sonlarında Nuru Paşa Türkiyənin azadlıq mübarizəsinə qoşulmaq qərarı verir və Sarıqamış ətrafındakı döyülərə qatılır. 

Mənbələrin verdiyi məlumata görə, Nuru Paşa bu döyüşlərə onunla birlikdə Türkiyə ərazisinə keçmiş Azərbaycan milli süvari alayı ilə birgə daxil olur. Həmin döyüş mənbələrin məlumatına görə, uğurla nəticələnir və Azərbaycan süvari alayı 1920-ci il sentyabr ayının sonlarında Sarıqamışı ələ keçirir. 

1927-ci ildə Türkiyədə ilk sənaye üsulu ilə silah istehsal edən Sütlücə fabrikini Nuru Paşa qurur və ömrünün sonuna qədər onun işinə rəhbərlik edir. 

1949-cu il martın 2-də fabrikin mərmi saxlanılan anbarlarından birində işçilərin ehtiyatsızlığı nəticəsində yanğın başlayır və partlayış olur. Bu partlayışdan fabrikin digər işçilərini xilas etmək istəyən Bakı fatehi Nuru Paşanın özü də həyatını itirir.     

Nuru Paşanın əziz və nurlu xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar