SON XƏBƏRLƏR

Amerika: “Müttəfiqimiz olan ölkələr, noyabrın 4-nə qədər İrandan neft idxalını sıfıra endirməlidir”

2021.10.20, 07:36
Amerika: “Müttəfiqimiz olan ölkələr, noyabrın 4-nə qədər İrandan neft idxalını sıfıra endirməlidir”

Gunaz.tv

GünAzTV: ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən yüksək rütbəli bir rəsmisi, iyunun 26-da jurnalistlərə açıqlamasında Amerikanın müttəfiqi olan xarici ölkələri İrandan neft idxalını dayandırmağa çağırıb.

 

O bildirib ki, Amerika hökuməti İran neftini boykot etmək üçün xarici müttəfiqlərinə təzyiq göstərməyə də hazırdır: “Hesab edirik ki, bizim müttəfiqimiz olan ölkələr noyabrın 4-ə qədər (Abanın 13-nə qədər)  İrandan neft idxalını sıfıra endirməlidir. Hədəfimiz isə, İranı neft gəlirlərindən məhrum etmək, bu ölkənin təxribat xarakterli regional əməllərini qabardıb dünyaya göstərməkdir.

 

Qəti şəkildə bildirirəm ki, Vaşinqton, İrandan neft idxal edən ölkələrdən heç birini bu qadağadan istisna etməyəcək. Çünki İrana qarşı sanksiyaların gücləndirməsi, Amerika milli təhlükəsizliyinin əsas prioritetlərindən biridir. Bu isə bizim xarici ölkələrə bir mesajımızdır. Mən yaxın bir zamanda Çin və Hindistana səfər edəcək, bu iki ölkənin rəhbərləri ilə görüşdə onları İrandan neft idxalını dayandırmalarını istəyəcəyəm”.

 

Bildirilir ki, Amerikanın İranın neft satışının məhdudlaşdırılması ilə bağlı yeni sanksiyalarının icrasına noyabrın 4-dən başlanacaq.

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

Amerikanın sazişdən çıxmasının ardınca, Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib. Nəticədə, Amerikanın sanksiyalarından ehtiyatlanan onlarla avropalı və beynəlxalq şirkət, son həftələr İranla əməkdaşlığına son qoyub. Bu isə milli valyutanın məzənnəsinin gündən-günə dəyərdən düşməsinə, dolların dəyərinin qalxmasına və ticarət mərkəzlərində alış-verişin dayandırılmasına səbəb olub.

 

 A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar