SON XƏBƏRLƏR

Azərbaycan xalçaları dünya muzeylərində, Amma «Qafqaz»-«İran» adı ilə

2021.10.20, 07:36
Azərbaycan xalçaları dünya muzeylərində, Amma «Qafqaz»-«İran» adı ilə

Gunaz.tv
Azərbaycan xalçaları dünya muzeylərində Amma «Qafqaz»-«İran» adı ilə zdgzbmmc.gif Azərbaycanda xalça toxuculuğu tətbiqi sənət növünün ən qədim sahələrindən biri hesab edilir. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu tunc dövründə, yəni 5 min il bundan əvvəl meydana gəlib. Qeyd edək ki, xalça sənətin özündə ölkənin təbiətini, tarixini və həyat tərzini əks etdirir. Tarixi mənbələrə görə, Azərbaycan orta əsrlər dövründə Şərqdə xovlu və evdə toxunan xalçaların istehsalına görə mühüm mərkəzlərdən biri olub. Qədim sənət nümunəsi kimi Azərbaycan xalçaları bütün dünyada məşhur olub. Tədqiqatlar göstərir ki, Azərbaycanın şimal-şərq hissəsi VI-VII əsrlərdə yüksək keyfiyyətli xalça istehsalına görə mərkəz olub. Orta əsrlərdən başlayaraq Azərbaycan xalçaları bütün dünyada ticarət vasitəsi rolunu oynayıb. Ölkədə müxtəlif toxunuş və ornamentlərlə zəngin olan saysız-hesabsız xalça növləri mövcud olub. Orta əsrlərdə Azərbaycan Avropa və Şərq arasında başlıca tranzit yolu rolunu oynadığından, xalçalar dünya bazarına çox asanlıqla çıxarılırdı və burada qərbli tacirlərin diqqətini cəlb edirdi. Ölkəyə səfər edən əcnəbi dəllallar, səyahətçilər, müxtəlif ölkələrdən olan səfirlər bu xalçaları həm əmtəə kimi, həm də hədiyyə kimi alırdı. Bunun nəticəsində XV əsrin ikinci yarısında xalçaçılıq Azərbaycanda elə inkişaf etdi ki, onların toxunuşunda gümüş və qızıl saplardan istifadə etməyə başladılar. Lətif Hüseynov adına Xalçaçılıq və Xalq Tətbiqi Muzeyinin rəhbəri Röya Tağıyeva deyir ki, Azərbaycanda toxunan xalçaların 4 növü var və onlar öz adlarını toxunduqları ərazinin adından götürüblər: «Bizim xalçalarımız əsasən Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz xalça məktəbləri ilə tanınır. Bu xalçaların biri digərindən mənşəyinə və məxsus olduqları ərazinin ornamentinə görə fərqlənirlər. Bu gün Azərbaycanın müxtəlif regionlarında xalça toxuculuğu canlı sənət əsəri kimi hələ də yaşayır. Texnologiya və sənətkarlıq dizaynına görə Azərbaycan xalçalarını iki qrupa bölmək olar - evdə toxunan xalçalar və xovlu xalçalar. Xovlu xalçalar qrupuna palaz, kilim, sumax, zili, şəddə və vemi daxildir. Palaz və kilim sadə formada toxunur, lakin sumax, zili, şəddə və vemi qarışıq formada toxunur. Azərbaycanın hər bir bölgəsi özünün xalça və xalça toxuculuğu ilə məşhurdur. Palaz, cejim, şəddə, kilim, zili, varni və başqaları evdə toxunan xalçalar qrupuna aid edilir. Bundan başqa, hələ qədim dövrlərdən Azərbaycanda evdə toxunan xalçaların əksəriyyəti gündəlik məişətdə istifadə olunan bir ləvazimat kimi də geniş yayılıb. Bu sıraya xurcun, məfrəş, çulu və s. aid etmək olar». Xalçaçılıq nəsildən-nəslə ötürülən qadın biznesi idi Tarixi mənbələrə görə, xalça ticarəti Azərbaycan əhalisi üçün əla gəlir mənbəyi olub. Eyni zamanda bu, mənfəət əldə etmək istəyən evdar xanımlarımız üçün də gözəl peşə seçimi vasitəsi idi. Belə ki, onlar xalçaçılığı ev işi ilə uyğunlaşdıraraq pul qazanmaq imkanı əldə edirdilər. Bu da sübut edir ki, hələ qədim dövrlərdə xalça toxuculuğu Azərbaycanda nəsildən-nəslə ötürülən qadın biznesi olub. Müxtəlif kompozisiyalar, ornamentlər və sənətkarlıq üsulları xalçaçı qadınlara çox yaxşı məlum idi. R.Tağıyeva deyir ki, qədim dövrlərdə Qarabağda, Bərdədə və sonralar Şuşada elə bir qadın yox idi ki, xalça toxuya bilməsin: «Qızların cehizlərinin əsas elementini «Dəstxalı-gəbə» adlanan, 3-4 xalçadan ibarət olan xalçalar təşkil edirdi. Qız gəlin gedərkən ilk növbədə bu gəbələrdən birini əlinə götürməli idi. Maraqlı məqamlardan biri də o idi ki, qıza elçi gələndə oğlan evi onun xalça toxumağı bacarıb-bacarmadığını soruşardı». Azərbaycanda xalça toxuculuğu XVI əsrdə Şah İsmayıl Xətai parçalanmış Azərbaycanı vahid dövlət halında birləşdirdikdən sonra daha da inkişaf etdi. Bu dövrdə Təbriz, Ərdəbil, Bakı, Gəncə və Bərdə xalçaçılığın mərkəzinə çevrilmişdi. Burda toxunan xalçalar hazırda Rusiya, Qərbi Avropa və Amerika Birləşmiş Ştatlarının məşhur muzeylərini bəzəyir. Bəzən deyirlər ki, Azərbaycan böyük dövlətlərin işğalçı siyasətinə məruz qaldığı zaman həmin ölkələrin hökmdarları ən bacarıqlı xalça ustalarını və xalçaları öz ölkələrinə aparmağı əmr ediblər. Elə xalçalarımız da məhz bu yolla xarici ölkə muzeylərinə düşüb. R.Tağıyeva isə deyir ki, bu səhv informasiyadır: «Azərbaycan xalçaları xarici ölkələrə ticarət vasitəsilə aparılıb. Hazırda dünyanın müxtəlif muzeylərində müxtəlif növlü Azərbaycan xalçaları saxlanılır. Məsələn, qadınlarımız tərəfindən toxunan dəbdəbəli xalçalar indi dünyanın ən böyük muzeylərində, Sankt-Peterburqun Hermitaj, Londonun Viktoriya və Albert, Vaşinqtonun Tekstil, Parisin Luvr, İstanbulun Topqapı və başqa muzeylərdə saxlanılır». «Şeyx Səfi» xalçası və Viktoriya-Albert muzeyi Məşhurluğu və gözəlliyi ilə fərqlənən Azərbaycan xalçalarından biri də «Şeyx-Səfi» xalçasıdır. Hazırda isə bu gözəl sənət əsəri İngiltərənin məşhur Viktoriya-Albert muzeyində saxlanılır. Röya xanım deyir ki, o, ötən il bu muzeydə olarkən orta əsrlərdə Azərbaycanda toxunan «Şeyx-Səfi» xalçası ilə qarşılaşıb: «Orada başqa gözəl Azərbaycan xalçaları da nümayiş etdirilirdi. 131 xalçanın 12-si XVIII əsrə aiddir, qalanları isə XIX əsrə məxsusdur. Ekspertlər bu xalçaları texnoloji və dekorotiv xüsusiyyətlərinə görə 2 qrupa ayırırlar. Birinci qrup XVIII əsrə, ikinci qrup isə XVI-XVII əsrlərə aiddir. Muzeydə olan Azərbaycan xalçalarının əksəriyyətini ingilis dəllalları gətirib. Qalereyanın lap mərkəzində böyük və gözəl «Şeyx Səfi» xalçası asılıb. Bu qiymətli və əfsanəvi xalça hər yarım saatdan bir işıqlandırılır. Xalçanın təsvirləri müxtəlif güllərdən ibarətdir. Xalçanın künclərində qönçələrdən ibarət mozaikalar var. Hər tərəfi qırmızı, sarı, yaşıl güllərlə bəzədilib. Rənglər xalçada elə ustalıqla yerləşdirilib ki, bir-birinin ardınca düzülən qönçələr günəş şuasını xatırladır. Xalçanın yuxarı və aşağı hissələrində mürəkkəb naxışlarla bəzədilən şamdan təsviri var. Xalçada olan ornamentlər onun mənasını açmağa kömək edir. Beləliklə də bu nəhəng sənət əsərinin İslam dininin bir qolu olan sufizmə aid olduğunu aşkar etmək olur». Xalçalarımız avropalı rəssamların əsərlərində XVI-XVII əsrlərdə yaşayan məşhur rəssamlar da öz əsərlərində Azərbaycan xalçalarını təsvir ediblər. Məsələn, bizim xalçalarımız Venetsiya taciri və tədqiqatçısı Mrako Polonu heyran etmişdi. XVI əsrin İngiltərə səyahətçisi Antoni Cenkilisin və XVII əsr alman dəniz səyyahı Can Strusun qeydlər jurnalında xalçalarımız haqqında maraqlı məlumatlar verilir. Macar rəssamı Hans Memlinq öz rəsm əsəri olan «Məryəm və onun uşağı», alman rəssamı Hans Holbeyn «Səfirlər» rəsmində Muğan və Qazax-Qarabağ xalçalarını təsvir ediblər. Azərbaycan xalçaları hazırda dünya tarixçiləri və incəsənət alimlərinin tədqiqat vasitəsinə çevrilib. Amerikanın 19 muzeyində, 10-dan çox qalereyasında və 40-dan yuxarı kolleksiyasında müxtəlif növlü Azərbaycan xalçaları saxlanılır və nümayiş etdirilir. Amerika sənətkarları da xalçalarımız üzərində tədqiqat işləri aparırlar. Çarlz Qrant Ellis tərəfindən yazılan və Tekstil muzeyinin 50 illik yubileyinə həsr edilən «Qədim Qafqaz xalçaları» kitabı tədqiqat baxımından böyük əhəmiyyət kəsb edir. Ellisin məşhur tədqiqatı olan «Əjdahalı xalça» bölməsində alim qeyd edir ki, əjdaha təsviri Qarabağ xalça toxuculuğuna aiddir. Həmin xalçanın üzərində eyni zamanda heyvan təsviri də var. Bir çox əfsanələrdə qədim günəş təqvimi sistemində və erkən inamlarda əjdaha təsviri Azərbaycanda mühüm rol oynayb. R.Tağıyevanın sözlərinə görə, Qarabağ xalçalarının bu növü Berlin İncəsənət Muzeyində saxlanılır: «Çox ustalıqla toxunmuş xalçada Şərqin əfsanəvi quşu olan Səməndər quşu əjdaha ilə döyüşür. Tanınmış tədqiqatçı Artur Pop XVI əsrə aid olan Qarabağ xalçaları üzərindəki bu təsviri incəsənətin inkişafı kimi xarakterizə edir. Qarabağda toxunan və bütün dünyada «Qarabağ xalçaları» adı ilə tanınan xalçalar əsl sənət nümunələridir. Nyu-Yorkun məşhur Metropolitan muzeyində XVII-XIX əsrə aid olan Bərdə xalçaları qorunub saxlanılır». Azərbaycan xalçalarının bütün dünya muzeylərini bəzəməsinə baxmayaraq, onlar çox zaman «Qafqaz» və ya «İran» xalçaları adı altında təqdim olunur. Lakin Xalça Muzeyinin direktoru deyir ki, xarici tədqiqatçıların apardıqları araşdırmalar nəticəsində onların yalnız Azərbaycana məxsus olması aşkar edilib: «Biz həmin muzeylərə və beynəlxalq təşkilatlara müraciət etmişik ki, bu xalçalar Azərbaycan xalçaları kimi təqdim edilsin. Lakin bu günə qədər də heç bir müsbət cavab ala bilməmişik. Buna baxmayaraq, vəziyyətin normallaşacağına ümid edirik. Başqa bir tərəfdən isə biz özümüz də təbliğat vasitəsi kimi bukletlər və kitablar nəşr etməliyik ki, bu sahədə öz təbliğatımız olsun». Nərminə MƏMMƏDOVA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar