SON XƏBƏRLƏR

Siyasi məhbus Abbas Lisani Təbriz xəstəxanasında əməliyyat olunub

2022.04.10, 07:21
Siyasi məhbus Abbas Lisani Təbriz xəstəxanasında əməliyyat olunub

Gunaz.tv

Həkimlər güney azərbaycanlı türk fəalın cərrahı lazer əməliyyatından sonra ona təxminən 1 aya yaxın hərəkət etməməyi, tam istirahət etməyi və əməliyyatın nəticəsindən arxayın olmaq üçün yenidən müayinədən keçmək tövsiyə edib.

Siyasi məhbus Abbas Lisani üç nəfərdən ibarət məhkəmə-tibb komissiyasından cavab aldıqdan sonra 13 fevral, yerli vaxtla axşam saat 19:10-da 6 ay müddətinə tibbi məzuniyyətə buraxılıb.

Lisanini müayinə edən və Tibbi Ekspertiza Mərkəzinin həkimləri onun fəqərə sütununda ciddi problemlərin olduğunu, uzun müddətli müalicəyə ehtiyacı olduğunu qeyd ediblər.

“Ona altı ay müddətində cəzaçəkmə müəssisəsindən kənarda müalicə imkanı verilməli, bu müddət ərzində lazımi tibbi prosedurlar və cərrahi əməliyyatlar aparılmalı, qeyd olunan müddət bitdikdən sonra yenidən müayinəyə göndərilməlidir”-deyə, həkimlərin rəyində bildirilib.

Abbas Lisani 2019-cu ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu hökm Ərdəbil Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına yüksəldilib.

Ali Məhkəmə isə milli fəalın şikayətini təmin etmədiyindən dolayı bu hökmün tətbiqi qətiləşib.

Ərdəbil Məhkəməsi Abbas Lisaninin İranın İslami Cəza Qanununda nəzərdə tutulan həbs cəzalarını azaldılması ilə iddiasını rədd edib.

Beynəlxalq insan haqları təşkilatı Amnesty İnternational Abbas Lisani ilə bağlı “təcili hərəkət” kampaniyası başladıb, siyasi məhbusun dərhal qeyd-şərtsiz azad buraxılmasını tələb edib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar