SON XƏBƏRLƏR

Təbrizin İstilik Elektrik Stansiyası ətraf mühiti çirkləndirir: Hökumət etirazları vecinə almır

2021.10.20, 07:36
Təbrizin İstilik Elektrik Stansiyası ətraf mühiti çirkləndirir: Hökumət etirazları vecinə almır

Gunaz.tv

Təbrizdə İstilik Elektrik Stansiyasının havanı və ətraf mühiti çirkləndirməsi ilə bağlı uzun müddətdir davam edən müzakirələr heç bir nəticə verməyib.

Bundan öncə Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsi və ətraf mühit fəallarının yaydığı xəbərdarlıq müraciətində İstilik Elektrik Stansiyasında qaz əvəzinə mazutdan istifadə edildiyi vurğulayıb, bunun ətraf mühitə və insanların sağlamlığına ciddi ziyan vurduğu qeyd olunub. 

Cari günəş ilinin əvvəllərindən başlayan müzakirə və etirazlar Energitika Nazirliyi və əyalət rəhbərliyinin məsələyə müdaxiləsinə səbəb olsa da, bu günə kimi müsbətə doğru hər hansı addım atılmayıb.

Şərqi Azərbaycan əyalətinin məsələ ilə bağlı yaydığı açıqlamada bildirilir ki, elektrik stansiyasının mazutdan istifadə etməsi qanuna və Enerji Komissiyasının təsdiq etdiyi qaydalara ziddir.

“Təbriz istilik elektrik stansiyasında qaz əvəzinə mazutdan istifadə hava çirkliliyini gücləndirib, kənd təsərrüfatı məhsullarına mənfi təsir göstərib və bölgədə yaşayan insanların sağlığında problem yaradıb”-deyə, Ətraf Mühitin Mühafizəsi İdarəsinin açıqlamasında bildirilib.

Açıqlamada Təbriz, Üskü, İlxıçı, Xosroşəhr və Tufarqan şəhərlərinin havasının çirkləndirilməsində adı çəkilən stansiyanın əsas rol oynadığı, ətraf mühit və kənd təsərrüfatına vurduğu ziyanla yanaşı adı çəkilən bölgələrin sakinlərinin tənəffüs xəstəliklərinə tutulmasına səbəb olduğu qeyd olunub.

 İstilik Elektrik Stansiyasının xüsusilə qış aylarında ətraf mühit və insanlara vurduğu ziyanla bağlı Təbrizin millət vəkilləri də etiraz bəyanatı yayıb.

Buna baxmayaraq, Energetika Nazirliyi və başqa əlaqədar qurumlar maye qaz çatışmazlığı ucbatından mazutdan istifadənin qaçılmaz olduğunu bildiriblər.

Şərqi َAzərbaycan Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Şəhnam Əştəri 3 gün öncə mətbuata verdiyi açıqlamada Təbriz İstilik Elektrik Stansiyasının “Təmiz Hava Qanunu”nun 13 -cü maddəsinə əsasən mazutdan istifadəsinin qanunsuz olduğunu bildirib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar