SON XƏBƏRLƏR

Elçın Bayramlı: ”Babək hazırda bütün güney türklərinin azadlıq rəmzidir, milli kimlik simvoludur”

2021.10.20, 07:36
Elçın Bayramlı: ”Babək hazırda bütün güney türklərinin azadlıq rəmzidir, milli kimlik simvoludur”

Gunaz.tv

 GünAzTv mətbuat mərkəzinin növbəti müsahibi “Altay” Strateji Araşdırmalar Mərkəzinin başqanı, analitik-jurnalist Elçin Bayramlıdır.

 

- Elçin bəy, Güney Azərbaycan Milli Hərəkatı ilə bağlı fikirlərinizi oxucularımıza bölüşmənizi istərdik.

 

- Bildiyiniz kimi, son vaxtlar İranda Milli Hərəkat daha geniş vüsət almağa başlayıb. Fars-molla rejimi Azərbaycan türklərinə repressiya tətbiq etməklə, millətimizin milli heysiyyatını, dəyərlərini təhqir etməklə, iqtisadi, sosial, mədəni diskriminasiya siyasəti yeritməklə ocağın üzərinə yanacaq tökdüyünün fərqində deyil.

İran əhalisinin yarıdan çoxunu təşkil edən 35 milyonluq Azərbaycan türkünün ən elementar hüquqları kobud pozulur, etnik kimliyin itirilməsinə, milli kültür və dəyərlərin islam ümməti, İran xalqı adı altında məhv edilməsinə çalışılır. Tanış ssenaridir, bütün imperiyalar bu taktikadan yararlanıblar. Sovetlər zamanında da millətlərin qondarma sovet xsalqı adı altında assimilyasiyasına cəhd edilirdi.

Bu gün İranda çoxluğu təşkil edən xalqın ana dilində bir məktəbi yox, müstəqil mətbuatı, televiziyası yox, adi insani hüquqları belə yox. Faktiki olaraq Azərbaycan türkləri milli azlıq deyil, milli çoxluqdur. Lakin Tehran türklərə qarşı milli azlıqlara yanaşıldığı kimi belə yanaşmır.

Böyük öndər, Hürrəmi dövlətinin başçısı Babəkin ad günündə Bəzz qalasını hər il milyonlarla soydaşımız ziyarət edirdi. Lakin son illərdə molla rejimi buna qadağa qoyub və ziyarətə gələnlərə güclü təzyiq edir, həbslərə atır, zindanlarda çürüdür. Bu millətin gen yaddaşından Babək sevgisini çıxarmaq üçün farslar minbir oyundan çıxdı. Gah Babəkin fars olduğunu iddia etdilər, gah kafir olduğunu dedilər, gah quldur olduğunu söylədilər, amma keçmədi. Azərbaycan türklərinin gen yaddaşından milli tarixini, kültürünü, dəyərlərini silmək mümkün deyl.

Babək hazırda da bütün güney türklərinin azadlıq rəmzidir, milli kimlik simvoludur. Böyük Babəkə qarşı fars tarixçilərinin cəfəngiyyatlarına Azərbaycan tarixçiləri tutarlı cavablar veriblər. Babək və Hürrəmi dövləti haqqında monorafiyamda mən də bütün bu hərəkatın mənəvi-ideoloji, tarixi-siyasi mahiyyətini ortaya qoymağa çalışmışam. Hesab edirəm ki, bu əsər fars saxtakarlarına daha bir tutarlı cavabdır.

 

- İranın hərbi-siyasi rəsmiləri bəyanatlarında ABŞ-ın İrana hücum edəcəyi təqdirdə, BTC daxil olmaqla Amerika şirkətlərinin Azərbaycanda həyata keçirdiyi iqtisadi layihələrin zərbə altına düşəcəyini sərt şəkildə bildiriblər. Sizcə, Tehran buna gedə bilərmi?

 

- Tehranın buna imkanı, vaxtı belə olmayacaq. Açıqlanan məxfi sənədlərə görə, Pentaqonun İrana qarşı ildırımsürətli müharibə planları bir neçə variantda hazırlanıb və hər şey ölçülüb-biçilib. Mən bu savaşın başlamasını istəməzdim, amma İran ABŞ-ın və NATO-nun hərbi qüdrətini deyəsən tam təsəvvür etmir. Bu ölkə casus peykləri ilə İranın hər qarışını nəzarətdə saxlayır, bütün strateji, hərbi obyektlər qitələrarası ballsitik raketlərin hədəfindədir və dəqiq koordinatlara hesablanıb.

Əgər İrana zərbə endirilməsi qərarı verilsə, cəmi bir neçə saata bütün obyektlər məhv ediləcək. Bəziləri qeyd edir ki, İran İraq deyil, onun savaş çətin olacaq. Gerçəkdən İran İraq deyil. Amma bilirsinizmi, şirlə döyüşdə pişiyin ya itin savaşması nəyi dəyişə bilər ki?

ABŞ İraqla müharibə aparmadı, sadəcə öz Silahlı Qüvvələrinin olduqca kiçik, primitiv silahlarla silahlanmış bir dəstəsini göndərdi və Səddam rejimi bir neçə günə məhv edildi. İranla savaşda isə bundan bəlkə 2 ya 3 dəfə çox qüvvə lazım gələcək ki, bu qüvvə ABŞ Ordusunun yüzdə biri qədərindən də azdır.

Bundan başqa, İraqda olduğu kimi, daxili narazılıqları və azadlıq mübarizələrini də nəzərə almaq lazım gəlir. İraqda əhalinin əksəriyyəti ərəblər idi və az sayda türkmənlər və sair etnik azlıqlar var idi. Bu azlıqlar və ərəblərin bir hissəsi savaşda mərkəzi hakimiyyəti müdafiə etmədilər və dövlətin məğlubiyyətinə dəstək verdilər. İranda isə durum daha pisdir.

Təsəvvür edin, 70 milyonluq ölkədə 35 milyon türk və xeyli miqdarda kürd var. Bunlar da fars rejimindən ciddi şəkildə narazıdırlar. O üzdən savaş milli azlıqların azadlıq mübarizəsinin başlanması üçün bir zəmin yaradacaq və proses paralel gedəcək. Xalqına arxalana bilməyən dövlətin məğlubiyyəti isə şübhə doğurmur.

İrana zərbə endiriləcəyi halda Azərbaycandakı strateji və beynəlxalq əhəmiyytli obyektlərə zərbələr endirilməsi Tehrana daha baha başa gələr. Əvvəla bunlar Azərbaycan ərazisindədir və Azərbaycanın mülkiyyətidir, biz isə bu müharibənin tərəfi deyilik. İkincisi, bu halda Bakı cavab və ya öünümüdafiə tədbirləri görəcək ki, bu da İranın şimalında daha bir cəbhənin açılması deməkdir.

Üstəlik, Türkiyə Azərbaycanla hərbi-strateji təhlükəsizlik müqaviləsinə uyğun olaraq prosesə qatıla bilər ki, bu da Tehranın hər tərəfdən çətin duruma düşməsinə gətirib çıxarar. Buraya Güney türklərinin daxili təpkisini də əlavə etmək lazım gələrdi. Əlbəttə bu ehtimallar Tehanda da hesablanıb və belə bir addım atacaqları inandırıcı olmazdı.

 

- Bəs Güney Azərbaycan Milli Hərəkatı İranda baş verə biləcək ciddi dəyişiklərə hazırdırmı?

 

- Bütün təzyiqlərə, güclü təcavüzlərə rəğmən qədim türk ölkəsi İranda türklər hər zaman mübariz olublar. Ötən əsrdə bunu dəfələrlə əyani nümayiş etdiriblər. Güney türklərinin haqq səsini eşitməyin zamanı çatıb və dünyada təklənmiş fars rejimi bunu anlamalıdır.

Qloballaşma, inteqrasiya prosesləri vüsət aldıqca, informasiya və kommunikasiya texnologiyalarının inkişafı bu tip rejimlərin ömrünü azaldır. Dünyadan təcrid halda yaşamaq mümkün deyil, bunu heç İrandan yüz dəfə qüdrətli olan Sovetlər Birliyi kimi superdövlət belə bacarmadı.

Soydaşlarımız Azərbaycana (eləcə də başqa sivil ölkələrə) çox gəlib-gedirlər ki, bu da oradakı hüquqsuz şəraitdə yaşayan insanlarda həsəd doğurur. İran türkləri getdikcə daha çox Azərbaycan televiziya və radiolarını izləyir, mətbuatımızı izləyir, quzeydə dərc olunan kitabları oxuyur. Burada internetin misilsiz rolunu da qeyd etmək lazımdır. Bu faktorlar fars rejimini qıcıqlandırır. Səhər-2 televiziyası kimi qərəzli bir media orqanının efirdən yağdırdığı təhqir və cəfəngiyyatlarla tarixi gerçəkləri və hazırki situasiyanı inkar etmək heç bir effekt vermir.

Artıq insanları saxta dini nağıllarla aldatmaq, hüquqlarını tələb edənlərin Allaha zidd getdiklərinə inandırmaq, başqa ölkələrdə yaşayanların əxlaqsız olduğu haqda cəfəngiyyatları insanların beyninə yeritmək mümkün deyil. O üzdən fars hakimiyəti addım-addım geri çəkilir və xalqa bəzi hüquqları verməyə məcbur olur. İslam inqilabından bəri xeyli qadağan olunmuş şeylərə icazə verilib ki, bu da bu ideolojinin dəyişməz ehkamlara söykənmədiyini, qondarma olduğunu sübut edir.

Məncə, dünyada yeni tarixi situasiya yetişib və artıq bu cür rejimlərin sonu çatıb. Güney türklərinin ekstremal situasiyaya hazır olub-olmamasına gəldikdə isə onu deyə bilərəm ki, siyasi təşkilatlanma  yüksək səviyyədə görünməsə də,  milli-ideoloji məfkurə, millət sevgisi, azadlıq eşqi yüksəkdir. Belə bir psixoloji və ruhi baza üzərində istənilən mübarizəyə hazır olmamaq mümkünmü?

 

- Bu gün İran-Ermənistan münasibətləri yüksək səviyyədə inkişaf edir. Əgər İranda ciddi siyasi dəyişiklər baş versə, bu Ermənistan üçün nələr vəd edir?

 

- Bu sualınızın cavabına Ermənistanın keşmiş prezidenti, hərbi cinayətkar Levon Ter-Petrosyanın ölkə parlamentində etdiyi çıxışından bir cümlə sitat verməklə başamaq istərdim. Yəqin xatırlayırsınız, erməni terrorist dövlət başçısı deputatlar qarşısında demişdi- tam cidi deyirəm, əgər İran cəmi 3 gün yardımlarını dayandırsa, Ermənistan tamam məhv olar. Burada əlavə şərhə entiyac yoxdur. Çünki biz islam həmrəyliyindən, müsəlman qardaşlığından dəm vuran islam dövlətinin müsəlman azərbaycanlıları soyqırıma məruz qoyan işğalçı ölkəyə var gücü ilə hərbi iqtisadi siyasi dəstək verdiyini yaxşı bilirik. Fars-erməni qardaşlığı sıx tellərlə bağlıdır.

İranda siyasi dəyişiklik baş versə nəmi olacaq? Ermənistanın iki müttəfiqi var- Rusiya və İran. Rusiyanın Ermənistanla sərhədi yoxdur, Tbilisinin Moskva ilə münasibəti də məlumdur. İrandan da sərhəd bağlansa, müharibəsiz tam blokada durumuna düşən Ermənistan 1-2 aya təslim olar.

Molla rejimini narahat edən məsələlərdən biri də Quzey Azərbaycanda gedən proseslərdir. Azərbaycan Respublikasının getdikcə güclənməsi, həm NATO, həm  Rusiya ilə hərbi əməkdaşlığı genişləndirməsi, Avropa, Türkiyə, Ukrayna, ABŞ, Çin, Hindistan kimi nəhənglərlə iqtisadi əlaqələri gücləndirməsini, beynəlxalq aləmdə siyasi nüfuzunu artırmasını İran özü üçün potensial təhlükə olaraq görür. Bu situasiyada İranın Azərbaycana təsir imkanları minimuma enmiş olur.

Tehran elə düşünürdü ki, Azərbaycanda bir-iki radikal şiə kəndinin fanatik dindarlarının, beş-on iranpərəst dinçidən başqa heç kimin izləmədiyi qəzet və saytların, ya da “verbovka” olunmuş mollaların ölkədə iğtişaşlar yaratmaq gücü var və bu “güc”nü hesabına Azrbaycana ciddi təzyiq göstərə bilər. Lakin son hadisələr (radikal dindarların “ETTELAAT”dan gələn tapşırıq əsasında orta məktəb qızcığazlarının dərsə çadra ilə gəlməsinə icazə verilməsi tələbləri ilə bağlı aksiyalar) göstərdi ki, dünyəvi dövlət sisteminə, milli həmrəyliyə malik Azərbaycanda dini zəmində qarşıdurmalar təşkil etməyə cəhdlər səmərəsizdir.

Azərbaycan xalqı türkçülük şüuruna xas olmaqla yanaşı qlobal mədəni inteqrasiya proseslərinə də yad deyil və bu üzdən tolerantlığın örnək göstərildiyi toplum kimi sivilizasiyaların birləşdiyi məkana çevrilib. Azərbaycanda ümummilli məsələlərdə müxalifətlə iqtidar, cəmiyyətlə hökumət, dindarlarla, laiklər arasında tam həmrəylik mövcuddur ki, bu da nəinki İranın, istənilən superdövlətin belə ölkəmizdə daxili qarşıdurmalar yaratmaq imkanlarını sıfıra endirir.

Böyük öndər Elçibəyin “Bütöv Azərbaycan” ideyası çoxlarına utopiya kimi görünsə də, bunu  reallaşmasına çox az qaldığı hiss olunur. İran (Arran) farsların tarix səhnəsində mövcud olmadığı zamanlardan türk ölkəsi, türk dövləti olub. İndi isə İran türk ölkəsi amma fars dövlətidir. İnanıram ki, ölkənin gerçək sahibləri öz dövlətlərinə sahib çıxmağa özlərində güc tapacaqlar.

Mən bütün Güney türklərinə öz hüquqları uğrunda apardıqları ağır mübarizədə uğurlar diləyir, bu yolda şəhid olmuş bütün soydaşlarımızın ruhu şad olsun deyirəm. Tanrı bizə yar olsun!

Söhbətləşdi: Elnur Eltürk

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar