SON XƏBƏRLƏR

Emmanuel Makron İranı təcili olaraq MAQATE ilə əməkdaşlıq etməyə çağırıb

2021.10.20, 07:36
Emmanuel Makron İranı təcili olaraq MAQATE ilə əməkdaşlıq etməyə çağırıb

Gunaz.tv

GünAz TV: Fransa prezidenti Emmanuel Makron İrandan təcili olaraq Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq etməsini istəyib.

 

Fransan Prezident Aparatının ötən gün yaydığını bəyanatda qeyd edilir ki, Makron rəsmi Tehrandan öz nüvə öhdəliklərinə tamamən əməl etməsini, eləcə də MAQATE ilə təcili surətdə həmkarlıq etməsini tələb edib.

 

Dünən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin yaydığı məlumatda bildirilirdi ki, İran nüvə razılaşmasını pozandan sonra 2019-cu ilin noyabr ayından bu günə qədər uran ehtiyatını təqribən 5 dəfə çoxaltmaqla yanaşı, 3 nüvə zavodu ilə bağlı Agentliyə hesabat verməkdən boyun qaçırır. Agentlik bildirir ki, Tehran heç vaxt nə bu zavodların mövcudiyyəti, nə də orada aparılan fəaliyyətlərlə bağlı məlumat verməyib və orada işlər gizli aparılıb. 

 

Məlumata əsasən, rəsmi Tehran noyabr ayında 372 kiloqram təşkil edən aşağı dərəcədə zənginləşdirilmiş uran ehtiyatını fevralın 18-dək 1020 kq-a çatdırıb. Bu isə İrana nüvə silahı əldə etməyə imkan verir.

 

Məsələyə ötən gün münasibət bildirən Amerikanın senatoru Tom Kotton "Twitter" səhifəsində yazdığı statusda prosesin qarşısını almaq üçün ölkəsinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının İrana qarşı qəbul etdiyi nüvə sanksiyalarını yenidən bərpa etməsi üçün dərhal addımlar atmalı olduğunu qeyd edib.

 

Qeyd etmək lazımdır ki, 2015-ci ildə İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasına əsasən, rəsmi Tehran anlaşmanın şərtlərini pozduğu təqdirdə, TŞ ona qarşı sanksiyaları yenidən bərpa etmək səhaliyyətinə malikdir.

 

MAQATE-nin baş katibi Rəfael Qrossi isə məsələ ilə əlaqədar bildirib ki, İran sözügedən gizli nüvə zavodları barədə məlumat əldə etmək sahəsində Agentliklə əməkdaşlıq etməməklə, yeni siyasi böhrana doğru irəliləyir.

 

"Biz həmin nüvə mərkəzləri ilə bağlı Tehrandan hesabat istədik, lakin vermədilər. Özümüz də ora gedib, təftiş aparmaq istədik, buna isə icazə vermədilər", - deyə Rəfael Qrossi əlavə edib.

 

Baş katib sonda İranın Agentliyin öz üzərinə düşən vəzifələri yerinə yetirməsinə əngəl törətdiyini, lakin yeni gərginliyin yaranmaması üçün əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib.

 

Xatırladaq ki, İran 2019-cu ilin may ayında, yəni Amerikanın nüvə razılaşmasını tərk etməsinin 1-ci il dönümündə Avropa ölkələrinə təzyiq göstərmək üçün 60 gün müddətində vaxt vermişdi. Tehran bildirirdi ki, bu müddət ərzində avropalılar İranın nüvə razılaşmasında nəzərdə tutulmuş iqtisadi mənafeyini təmin etməsələr, onlar da mərhələli şəkildə üzərinə götürdüyü öhdəliklərə xitam verəcək. İran bu istiqamətdə atdığı 5 addım çərçivəsində bütün texniki öhdəliklərinin icrasına son verib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar