SON XƏBƏRLƏR

Əndəryan qızıl mədəninin ətraf mühiti çirkləndirməsi nəhayət ki, bu idarəni hərəkətə gətirdi

2021.10.20, 07:36
Əndəryan qızıl mədəninin ətraf mühiti çirkləndirməsi nəhayət ki, bu idarəni hərəkətə gətirdi

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan Ədliyyə İdarəsinin ictimai məsələlər üzrə rəis müavini Vərziğan mətəqəsində yerləşən Əndəryan qızıl mədəninin ətraf mühiti çirkləndirməsi problemindən danışıb.

 

Əhməd Müvəqqəri cümə axşamı günü mədənə keçirdiyi baxış zamanı təmsil etdiyi idarənin bu işi diqqət mərkəzində saxladığını bildirib.

 

“Ədliyə İdarəsi Əndəryan qızıl mədəninin ətraf mühiti çirkləndirməsi ilə bağlı hazırlanan hesabatları diqqətlə araşdırır. Mövzu dəqiq olaraq aydınlaşdıqdan sonra mədənin fəaliyyəti ilə bağlı növbəti qərarlar veriləcək.

Şərqi Azərbaycan Ədliyə İdarəsinin rəisi ətraf kəndlərdə mal-qaranın tələf olmasının araşdırılması ilə bağlı göstəriş verib. Bu əsasda mən Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəisi və Universitetin ekspertlər qrupu ilə birlikdə mədənə baxış keçirməyə gəldim. Biz iqtisadi inkişaf bəhanəsi ilə kimsənin ətraf mühitə ziyan vurması və insanların həyatını təhlükə ilə üz-üzə qoymasına icazə verməyəcəyik.”- deyə o bildirib.

 

Mədənə baxış keçirən Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəisi də bu məsələnin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq mədənin müvəqqəti bağlanması ilə bağlı verilən qərarın hələ də qüvvədə olduğunu vurğulayıb.

 

Qeyd edək ki, Əndəryan qızıl mədəninin ətraf mühiti çirkləndirməsi problemi uzun illərdir ki, davam edir. Rəsmi orqanlar, o cümlədən Ətraf Mühit İdarəsi bu barədə olan məlumatı ictimaiyyətdən gizlədərək problemin bu günkü həddə çatmasına səbəb olublar.

Mart ayında Əndəriyan Qızıl Mədəninin ətrafında yerli əhalinin mal-qarası kütləvi şəkildə tələf olmuşdur. Bundan sonra mədənin fəaliyyəti rəsmi orqanlar tərəfindən müvəqqəti olaraq dayandırılıb.

 

Təxminən 30 milyon ton ehtiyatı olan Əndəryan mədəni Şərqi Azərbaycan əyalətinin Vərziğan məntəqsində yerləşir. Əndəryan Qızıl Mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunur. Mədənin fəaliyyətinin ətraf mühitə vurduğu ziyana görə dəfələrlə etirazlar olsa da, İran rəsmiləri faktları gizlədərək mədənin fəaliyyətinin davam etməsinə şərait yaradıblar. Ekspertlərin fikrincə, mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur. Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa daxil olur. Həmin maddə sonralar yeraltı sularını da çirkləndirə bilər. Bu şəkildə ətraf mühit təhlükəli maddə ilə çirklənmiş olur.

 

Ötən aylarda Şərqi Azərbaycanın bir qrup ətraf mühit fəalı İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisiyə açıq məktub ünvanlayaraq Əndəryan qızıl mədəninin ətraf mühitə ziyan vurduğunu bildirib, məhkəmənin bu məsələyə müdaxilə etməsini tələb etmişdilər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar