SON XƏBƏRLƏR

Ərdəbildə azərbaycanlı müğənni Peyman Keyvaninin konserti ləğv edilib

2021.10.20, 07:36
Ərdəbildə azərbaycanlı müğənni Peyman Keyvaninin konserti ləğv edilib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda yerli müğənnilərin ləğv edilən konsert proqramlarına daha biri əlavə olunub.

 

Ərdəbildə keçirilməsinə icazə almaq üçün aylarca çalışan Peyman Keyvaninin türkcə konsert proqramı ləğv olunub.

 

Müğənni bu barədə oktyabrın 24-də İnstaqram səhifəsində məlumat yayıb.

 

“Dostlar, noyabrın 25-də keçirilməsi planlaşdırılan konsertim ləğv olunub. Mənim mübahisə etməyə hövsələm yoxdur, konsert və səhnə ilə bağlı bir kompleksim də yoxdur. Qoy, paytaxt müğənniləri gəlib konsert versinlər.

Bir gəncin qürurunu sındırmaqdan ləzzət alan cənab; Sən yerli dildə konsert keçirməyə razılıq vermirsən. Eybi yoxdur, xoşhal ol, biz də xoşhalıq... . Lakin bu günlər də keçəcək. Bizim Allahdan başqa hökumətdə heç bir tanışımız yoxdur. Qoy, Allah özü sizə qənim olsun. Mən yaltaq deyiləm və heç zaman şərəfsizlər qarşısında boyun əyməmişəm. Haqqımı tələb edirdim, eybi yoxdur...”- deyə məlumatın bir hissəsində qeyd olunub.

 

Tanınmış azərbaycanlı müğənni təkidlə vurğulayır ki, Ərdəbil üçün təyin olunmuş yerli məsullar türk dilində konsert keçirməyə imkan vermir, lakin farsca konsertlərə heç bir maneçilik yoxdur.

 

Gənc müğənninin üzləşdiyi problem azərbaycanlı sosial şəbəkə istifadəçilərinin kəskin etirazı ilə qarşılanıb.

 

Peyman Keyvani ötən aylarda türkcə konsertə icazə verilmədiyi üçün gitarasını yandırmışdır.

 

Peyman Keyvani Güney Azərbaycanda tanınıb-sevilən müğənnilərdən biridir, onun əksər mahnıları vətənpərvərlik mövzusundadır.

 

İranda azərbaycanlı müğənnilərin əksəriyyəti konsert keçirmək üçün oxşar problemlə üzləşir. İslami İrşad və Mədəniyyət İdarəsi Azərbaycan şəhərlərində fars dilində konserti dəstəklədiyi halda, azərbaycanlı müğənnilər minbir problemlə üzləşir.

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar