SON XƏBƏRLƏR

Güney Azərbaycanın bəzi əyalətlərində koronavirusla bağlı açıqlamalara qoyulan qadağa davam edir

2021.10.20, 07:36
Güney Azərbaycanın bəzi əyalətlərində koronavirusla bağlı  açıqlamalara qoyulan qadağa davam edir

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın üç əyalətində açıqlanan  yeni rəqəmlərə görə, koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayının artdığı müşahidə olunur. 

 

 

Şərqi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi “Səhənd” Telekanalına verdiyi açıqlamada bu əyalətdə son 48 saat ərzində 247 nəfərdə koronavirus infeksiyasının aşkarlandığını bildirib. Beləliklə, bu günədək əyalətdə 3437 nəfərin koronavirusa yoluxduğu məlum olub. Somi infeksiyanın qurbanları haqda məlumat verməkdən imtina edib. Lakin aprel 14 tarixində verilən açıqlamada Şərqi Azərbaycanda koronavirus infeksiyasından ölənlərin sayının 278 nəfərə çatdığı bildirilib.

  

 

Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadə isə infeksiyadan ölənlərin sayının 127 nəfərə çatdığını açıqlayıb. Ağazadə Qərbi Azərbaycanda 1748 nəfərin bu virusa yoluxduğunu bildirib. 

  

 

Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaşın açıqlamasına görə, bu əyalətdə infeksiyaya yoluxanların sayı 856, xəstəlikdən ölənlərin sayı isə 87 nəfərə çatıb.

 

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sərəncamına əsasən yalnız analizdən keçən və cavabı pozitiv olan xəstələrin sayı koronavirusa yoluxanların rəsmi statistikasına daxil edilir. Xəstəliyə yoluxanların hamısından analiz götürülmədiyinə görə isə rəsmi rəqəmlər koronavirusa yoluxanların həqiqi statistikasının sadəcə bir hissəsini əhatə edir.

 

 

Güney Azərbaycanın digər əyalətlərinin, o cümlədən, Şərqi Azərbaycan, Ərdəbil, Qəzvin və Həmədanın səhiyyə xidməti məsulları pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamayıblar.  

 

 

Ü.F 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar