SON XƏBƏRLƏR

Güney azərbaycanlı əmək fəalı zindanda ikinci dəfə insult keçirib

2021.10.20, 07:36
Güney azərbaycanlı əmək fəalı zindanda ikinci dəfə insult keçirib

Gunaz.tv

GünAz TV: Kərəcin Rəcayişəhr zindanında məhbus həyatı yaşayan azərbaycanlı əmək fəalı Rza Şahabi həbsxanada ikinci dəfə beyin insultu keçirib.

 

Səhhətində ciddi problem yaranan məhbusun normal xəstəxanada müalicə olunmasına icazə verilmir.

 

Bu barədə R.Şahabinin yaxınlarından olan Səttar Rəhmani BBC-nin müxbirinə danışıb.

 

“Şahabinin ailə üzvləri onunla son görüşlərində məhbusun ikinci dəfə beyin insultu keçirdiyini, sol tərəfdən dodaqlarının əyildiyini və yeriyərkən axsadığını görüblər. Şahabinin həkimə ehtiyacı var. Onu zindanda saxlasalar ölüm təhlükəsi daha da artacaq. Bu isə əmək camiəsi üçün əsl faciədir”- deyə o qeyd edib.

 

 

Məsələyə münasibət bildirən Tehran Avtobus Şirkəti İşçiləri Sendikası isə R.Şahabinin məhkumluq müddətinin bitdiyini, lakin hökumət rəsmilərinin onun azad edilməsinə mane olduqlarını deyib.

 

“Şahabinin sol gözü iradəsindən asılı olmayaraq yumulub, gözündən dayanmadan yaş gəlir. Dodaqlarının sol tərəfi əyilib. O yeriyərkən ayağını çəkir. Üzünün sol tərəfi isə şişib və bihiss olub. Onun gözünün altı da batıb”- deyə Tehran Avtobus Şirkəti İşçiləri Sendikasının açıqlamasında qeyd olunur.

 

Bundan öncə 2015-ci il sentyabr ayında azərbaycanlı əmək fəalı Şahrox Zamani Kərəcin Rəcayişəhr zindanında müalicə olunmasına icazə verilmədiyi üçün xəstəlikdən vəfat etmişdir.

 

R.Şahabi əslən Güney Azərbaycanın Şəbistər şəhərindəndir. Ötən illərdə Tehrana köçən fəal Tehran Avtobus Şirkəti İşçiləri Sendikasının İdarə Heyətinin üzvü olub. Əmək fəalı ötən illərdə müəyyən fəaliyyətlərinə görə, dəfələrlə saxlanılıb və həbs edilib. O 2011-ci ildə (hicri-şəmsi təqvimi ilə 1389-cı ildə) məhkəmə tərəfindən 6 il həbs cəzasına məhkum edilib. Fəal bir müddət həbsdən sonra müalicə almaq məqsədi ilə məzuniyyətə buraxılıb, lakin ötən yayda yenidən həbs edilib. Yaxalanarkən Tehran Prokurorluğu onun 17 ay həbs ediləcəyini açıqlamışdır.

 

Amnesty International sentyabr ayında Şahabinin sağlamlığının kritik durumda olduğunu bildirən bəyanat yayaraq onun dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar