SON XƏBƏRLƏR

Hişmətullah Fəllahətpişe: "İran və Amerika qeyri-təbii olaraq müharibəyə yaxınlaşıblar"

2021.10.20, 07:36
Hişmətullah Fəllahətpişe: "İran və Amerika qeyri-təbii olaraq müharibəyə yaxınlaşıblar"

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin deputatı Hişmətullah Fəllahətpişe İranla Amerika arasında baş tuta biləcək mümkün müharibəni "hər iki ölkəyə qarşı zülm" adlandırıb.

 

O iddia edib ki, əgər müharibə baş versə, bu, iki ölkənin iradəsi ilə deyil, "3-cü tərəflərin istəyi" ilə reallaşacaq.

 

Deputat bu gün yerli media orqanlarından birinə verdiyi açıqlamada həmin "3-cü tərəflər"in adlarını açıqlamayıb, lakin bildirib ki, o ölkələrə görə İran və ABŞ qeyri-təbii olaraq müharibəyə yaxınlaşıblar.

 

Fəllahətpişe bu fikirləri 2019-cu ilin may ayında "Twitter" səhifəsində də yazmışdı və böyük qalmaqala səbəb olmuşdu. İran Ali Milli Təhlükəsizlik Şurasının Katibliyi bu fikirlərinə görə millət vəkilindən məhkəməyə şikayət etmişdi.


Fəllahətpişe müsahibəsi zamanı qeyd edib ki, yenə eyni fikirdədir və 3-cü tərəflərin ABŞ və İran arasında yaşanan fikir ayrılıqlarını alovlandırdığı, bununla da ixtilafların "süni şəkildə" artdığı qənaətindədir.

 

O, sonda ölkə rəsmilərinə "ölkənin tələyə düşməməsi üçün" siyasi şəraiti lazımi qaydada idarə etməyi tövsiyə etsə də, bu istiqamətdə təkliflərini açıqlamayıb.

 

Bir müddət əvvəl Fəllahətpişe ABŞ-la İran arasında mövcud olan ixtilafların həll edilməsi üçün İraq və ya Qətərin ev sahibliyi ilə dəyirmi masa təşkil edilməsi və rəsmi Vaşinqtonla müzakirələrin aparılmasını istəmişdi. İran Ali Milli Təhlükəsizlik Şurasının Katibliyi onun bu sözlərini hökumətin "strateji siyasətlərinə zidd" kimi dəyərləndirmişdi.

 

İran Ali Milli Təhlükəsizlik Şurasının Katibliyinin tabeliyində olan Media Təbliğatı Siyasi Şurasının bir müddət əvvəl qəbul etdiyi qərara əsasən, Amerika ilə müzakirə aparılması təklifi ilə çıxış etmək qadağandır.

 

Ə.A

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar