SON XƏBƏRLƏR

İran-AB münasibətləri gərginləşə bilər

2021.10.20, 07:36
İran-AB münasibətləri gərginləşə bilər

Gunaz.tv
İran-AB münasibətləri gərginləşə bilər 4335.jpg Bir neçə gün öncə İran çox vacib bir qonaq qəbul etdi. Avropa Birliyinin (AB) təhlükəsizlik və xarici siyasət məsələləri üzrə komissarı Havyer Solana nüvə proqramı ilə bağlı müzakirələr aparmaq məqsədilə Tehrana səfər etdi. Səfər zamanı İran tərəfinə İngiltərə, Fransa, Almaniya, ABŞ, Çin və Rusiya tərəfindən hazırlanmış təkliflər paketi təqdim olundu. Paketdə uranın zənginləşdirilməsinin dayandırılması qarşılığında İrana iqtisadi və texnoloji dəstəyin verilməsi ilə bağlı vədlər yer alırdı. İrandan təkliflərə yaxın vaxtlarda cavab verilməsini istəyən Solana cavabın erkən verilməsinin daha məqsədəuyğun olduğunu açıqladı. Solananın bu ziyarətini AB-İran münasibətlərinin dönüş nöqtəsi kimi dəyərləndirmək mümkündür. Avropa ölkələrinin İran ilə tarixi əlaqələri mövcuddur. Avropa ölkələri İrana Yaxın Şərqdə 1945-ci ildən sonra nüfuz qazanan ABŞ-dan daha əvvəl - 16-cı əsrdə gəliblər. İran avropalıların Osmanlı dövlətini nəzarətdə saxlamaq və onun genişlənməsinin qarşısını almaq məqsədilə istifadə etdikləri əhəmiyyətli vasitə olub. İranın tarixi, mədəni və geosiyasi mövqeyi avropalılar üçün önəmli hesab edilib. Avropalıların siyasəti İrandakı siyasi həyatın formalaşmasında önəmli rol oynayıb. İkinci Dünya müharibəsinə qədər İranda xarici hegemon qüvvə olan avropalılar müharibədən sonra öz yerlərini ABŞ-a vermişdilər. Avropalılar bu bölgədə ABŞ-a uduzsalar da, hər zaman İran ilə yaxşı münasibətlər qurmaq istəyiblər. Amma AB-İran münasibətləri İslam İnqilabından (1979) sonra gərgin bir mərhələyə qədəm qoydu. İranın insan haqları ilə bağlı problemləri, terrorizmə dəstək göstərməsi, Yaxın Şərqdə sülhün əldə edilməsinə mane olması, kütləvi qırğın silahlarına və nüvə gücünə sahib olmaq uğrunda mübarizəsi hər zaman İran-AB əlaqələrində gərginliyin qaynağı olub. AB və ABŞ-ın İrandan siyasi tələbləri eyni olsa da, Avropa və Amerika bunların reallaşdırılması üçün fərqli yollara əl atıblar. AB-yə görə, İran beynəlxalq sistemə inteqrasiya etməlidir. İranın beynəlxalq sistemə inteqrasiyasının yolu dialoq və konstruktiv əlaqələrin qurulmasından keçir. ABŞ-ın təcrid və hədə-qorxu siyasəti İrana təsir etmir, əksinə, onu daha da radikal addımlara sövq edir. Bu təzyiq İranın beynəlxalq sistemdən uzaqlaşdırılmasına və radikallaşmasına səbəb ola bilər. AB-yə görə, İran ilə əlaqə qurulmalı və İran normal davrandıqca ələqələr inkişaf etdirilməlidir. AB-nin insan haqlarının pozulması, terrorizm, kütləvi qırğın silahları, Yaxın Şərq sülh prosesi, nüvə proqramı və bölgədə sabitlik məsələsində İrana münasibəti daim tənqidi xarakter daşıyıb və sözügedən məsələlərdə İranın mövqeyini dəyişməsini istəyib. Bu səbədən AB-İran münasibətləri Xatəminin (1997-2005) dövründə müsbət yöndə inkişaf edib. Xatəminin hakimiyyətə gəldikdən sonra daxili siyasətdə demokratikləşmə, xarici siyasətdə “təzyiqin aşağı salınması” və mədəniyyətlərarası dialoq fikri ilə çıxış etməsi Qərbdə müsbət qarşılanıb. Xatəmi hökuməti AB-nin “dialoq yolu ilə İranın ağıllandırılması” fikrinin təsdiqini tapmasını asanlaşdırdı. Bu fikir 2005-ci ildə Əhmədinejad hakimiyyətə gəldikdən sonra yenidən müzakirə olunmağa başlandı. Əhmədinejadın iqtidara gəlməsi AB ölkələrini məyus etdi və “dialoqla İranı ağıllandırmaq” fikri şübhə altına düşdü. Bu prosesdən sonra AB təməl fikrindən qopmasa da, İrana qarşı siyasətini sərtləşdirdi. İranın nüvə proqramı ilə bağlı müxtəlif embarqo qərarları ilə üzləşməsi də sözügedən sərtləşmənin nəticəsidir. Vəziyyətin belə dəyişməsi ABŞ-ın qarşısında yeni perspektivlər açdı. AB 1979-cu il inqilabından sonra İranın xarici siyasətində önəmli mövqeyə sahibdir. İran-AB əlaqələri qlobal sistemin mahiyyətinin dəyişməsi ilə formalaşan bir yenilikdir. İran AB və ABŞ arasında, xüsusilə, soyuq müharibədən sonra artan mənfəət və mövqe mübarizəsindən yararlanmaq istəyir. Bu vəziyyət İranı nisbi də olsa beynəlxalq dəstəklə təmin edir. Sözügedən siyasət nəticədə ABŞ-ın İranı təcridetmə siyasətini məğlubiyyətə uğrada bilər. İran AB-yə yaxınlaşaraq, ABŞ-ı İran qarşısında tək qoymaq istəyir. Bundan əlavə, AB-İran yaxınlaşması iqtisadi qaynaqlar və sənaye texnologiyası baxımından ciddi dəstək ola bilər. İran İraqla apardığı müharibədən sonrakı dövrdə “AB və ABŞ arasındakı problemlərin onların yenidən bir araya gəlməsini mümkünsüz edən qədər dərin” olduğunu düşünərək, daha rahat hərəkət etməyə başladı. İranın fikrincə, İraqın işğalı və sonrakı hadisələr AB və ABŞ arasında gizli bir qlobal rəqabətin meydana gəlməsinə səbəb olub. AB ABŞ-ın öz hegemonluğunu qurmasına müsbət yanaşır. İran çox önəmli geosiyasi mövqedə yerləşir. Dolayısı ilə AB İranın ABŞ-ın hegemonluğu altına girməsini istəyir. Ancaq son dövrdə baş verən hadisələr vəziyyətin dəyişə biləcəyindən xəbər verir. AB-nin sərtləşməsi və bəzən ABŞ-ın mövqeyinə yaxınlaşması tərəflər arasındakı siyasi fərqlərə baxmayaraq, onların bir araya gələ biləcəklərini göstərir. İranın nüvə proqramına dair AB-nin siyasəti də ABŞ-a uyğun formalaşıb. AB də ABŞ kimi İranın nüvə silahına sahib olmaq istədiyini düşünür və bunun qarşısını almağa çalışır. Qurum İranın uranın zənginləşdirilməsi ilə bağlı çalışmalarına güvənmir. AB İranın etibarlı, şəffaf və beynəlxalq təşkilatlar tərəfindən yoxlana biləcək nüvə proqramı həyata keçirməsini istəyir. AB problemin müzakirələr və diplomatik mexanizmlər çərçivəsində həllinin tərəfdarıdır. Qurum müzakirələr üçün uranın zənginləşdirilməsinin təxirə salınmasını da vacib şərtlərdən sayır. Buna görə AB problemin BMT-nin qərarları çərçivəsində həllini və İranın sözügedən qərarlara uymasını istəyir. Bundan əlavə, AB İrana hərbi müdaxilənin də əleyhinədir. Bu səbəbdən İranın nüvə probleminin həll olunmasında ən çox səy göstərən də Avropadır. AB-nin məsələ ilə bağlı mövqeyini ABŞ da dəstəkləyir. ABŞ İraq məsələsindən fərqli olaraq, İran məsələsində hələ ki AB ilə əlbir hərəkət etmək istəyir və ortaya çıxan uzlaşmanı pozmaq niyyətində olmadığını nümayiş etdirir. Solana İrana dolu gedib, boş qayıtdı. “Comərd” adlandırdığı təkliflər paketi İranda istənilən həyəcanı oyandırmadı. Solananın bir çox istəyi etirazla qarşılandı. Dini lider Xomneyi ilə görüşməsinə icazə verilmədi. Solana İran xalqına müraciət etmək istəyirdi, bu da mümkün olmadı. Solana Əhmədinejad ilə görüşmək istəmədiyinə görə parlamentin yeni sədri və keçmiş nüvə müzakirəçisi Əli Laricani ilə görüşü də ləğv edildi. Hazırkı vəziyyətdə AB diplomatik yollarla İranın nüvə problemini həll etmək məsələsində uğursuz görünür. Sözügedən durum hətta bəzi mütəxəssisləri “AB-nin İran siyasəti iflas edib” qənaətinə gətirir. İndi AB ya İranın nüvə proqramını həyata keçirməsini qəbul edəcək, ya da mövqeyini daha da sərtləşdirəcək. Görünən odur ki, AB geri addım atmaq istəmir və hərbi müdaxiləyə çevrilməyəcək iqtisadi və siyasi embarqo məsələsini dəstəkləyə biləcəyinə dair işarələr verir. Ehtimallara görə, bundan sonrakı dövrdə İran-AB əlaqələrində ciddi gərginlik yaşana bilər. Arif Kəskin, Avrasiya Strateji Araşdırmalar Mərkəzi zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar