SON XƏBƏRLƏR

İranda daha 5 təbrizli bəhai həbs edilib - FOTOLAR

2021.10.20, 07:36
İranda daha 5 təbrizli bəhai həbs edilib - FOTOLAR

Gunaz.tv

GünAzTV: İranda bəhai dininə mənsub olduqları üçün daha 5 təbrizli bəhai həbs edilib. Həbslər son iki gündə həyata keçirilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz bölməsinin əməkdaşları, azərbaycanlı bəhailər Fərzad Bahaduri, Şəhriyar Xodapənah və Kambiz Misaqini noyabrın 17-də, Monika Əlizadə (Əqdəsi) və Xeyrullah Bəxşini isə noyabrın 18-də şəxsi mənzillərində tutub naməlum istiqamətə aparıblar. Hər 5 bəhainin evlərində yoxlamalar aparılıb, onlara məxsus bir sıra şəxsi əşyalar və bəhai dininə aid kitablar götürülüb.

 

Bildirilir ki, təbrizli bəhailərdən bəziləri bundan əvvəl də bir neçə dəfə həbs edilərək, onların iş yerləri və mağazaları təhlükəsizlik qüvvələri tərəfindən bağlanmışdı. Həbs edilən bəhailərin konkret nədə günahlandırıldığı, onların hazırda harada saxlanıldığı barədə hər hansı bir məlumat yayılmayıb.

 

Fərzad Bahaduri

 

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının ana yasası, bəhai dinini müstəqil bir din kimi tanımır. Məhz buna görə də, son 40 ildə ölkədə bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb. İrandakı ruhanilərin təhriki ilə “Hizbullah”çı dəstələr, vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını dağıdırlar. 1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə kimi, ölkədə yüzlərlə bəhai edam edilib.

 

Monika Əlizadə (Əqdəsi) solda

 

Şəhriyar Xodapənah yoldaşı və oğlu ilə birlikdə

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar