SON XƏBƏRLƏR

İranda türklər üçün futbol da cinayət sayılır

2021.10.20, 07:36
İranda türklər üçün futbol da cinayət sayılır

Gunaz.tv
GünAzTv: Güney Azərbaycanda futbola maraq artıb. Bunun səbəblərindən biri Təbrizin "Traktorsazi" ("Traktorquraşdırma") klubunun güclülər dəstəsində, birinci liqada iştirakıdır. Hazırda 6-cı yerdə olan traktorçuların az qala hər oyunu azərbaycanlıların sevgisi ilə izlənir. Amma hakimiyyət bunu onlara bərk qısqanır, hətta deyəsən bundan ciddi şəkildə narahatdır. Belə olmasaydı, traktorçuların oyunu ilə bağlı afişaların yapışdırılmasına əngəl törədilməzdi. "GünAzTV"nin xəbərinə görə, yaşadığı və çalışdığı şəhərdən asılı olmayaraq, Güney Azərbaycan türkləri bu komandanın hər oyununda küçələri afişalar ilə bəzəyirlər. Traktorçuların oyunlarında türklər kimsəni aşağılamadan öz milli varlıqlarını şüarlar şəklində ucadan hayqırırlar. "Farsdilli bölgələr" sayılan şəhərlərdə isə türklərə qarşı təhqiramiz şüarlar səsləndirir, onların havaya buraxdıqları göyərçinləri tutub boğurlar. Bunların mədəni səviyyəsi bu, onların mədəni səviyyəsi o. Son xəbərlərə görə, traktorçuların afişa və şüarlarını Azərbaycan türkcəsində çap edən "Afiyət" və "Nigar" mətbəələri qapadılıb... Futbol fanatı niyə tutulub? Yanvarın 18-də "Traktorquraşdırma" klubunun fanatlarından biri, jurnalist Abdulla Səduqi Təbrizin küçə divarlarına komandasının afişasını yapışdırarkən və oyunla bağlı Azərbaycan türkcəsində vərəqələr paylarkən həbs edilib. Abdulla Səduqi fevralın sonlarında həbsxanada aclıq aksiyası keçirmişdi. Hazırda onun səhhətində ciddi problemlər yarandığı bildirilir. 18 günlük aclıq aksiyasından sonra onun mədəsində qansızma əmələ gəlib. 20 kq çəki itirib. Qan təzyiqi kəskin şəkildə düşüb. Səbəb - həbsxanada məruz qaldığı işgəncələr... "Mediaforum"un xəbərinə görə, işgəncədən sonra onu həbsxana xəstəxansına aparıblar. Onun vəkili Tağı Mahmudi "Ruz" saytına müsahibəsində deyib ki, müvəkkili "Traktorquraşdırma" komandasının afişalarında "Yaşasın "Traktor!", "Yaşasın Azərbaycan!" şüarlarının Azərbaycan türkcəsində yazıldığı üçün tutulub (gərək "zindəbad" yazaydı!). Vəkilin sözlərinə görə, ailə üzvləri və özünün aclıq aksiyasını dayandırmasını dəfələrlə A.Səduqidən rica ediblər. T.Mahmudi bildirib ki, müvəkkilinin saxlandığı kamera həddindən artıq çirklidir. A.Səduqinin isə yeriməyə taqəti qalmayıb. Vəkil bu vəziyyəti məhkəmə təmsilçisinə çatdırdığını, onların hüquqi vəzifələri və insanlıq borclarını xatırlatdığını söyləyib. Güney Azərbaycan Milli Birlik Şurasının İnsan Haqları Komitəsi BMT-nin İnsan Haqları Komissarlığına məsələ ilə bağlı müraciət ünvanlayıb. Müraciət A.Səduqinin səhhətində problemin yaranması kimi məsələ xatırladıldıqdan sonra bildirilib: "Abdulla Səduqi bir aydan çoxdur ki, əsassız olaraq, Təbrizdəki həbsxananın 10 saylı kamerasında qatı cinayətkarlıqda təqsirləndirilənlərlə bir yerdə saxlanır. Həbsxana məmurlarının işgəncəsi ilə yanaşı, bu gənc qatı cinayətkarlıqda suçlandırılanlar tərəfindən də döyülüb və təhqir edilib". Abdulla Səduqi türkcə futbol açıqcaları yaymaqla "hakimiyyətə qarşı təbliğat aparmaq"da ittiham edilir. Milli Şuranın məlumatına əsasən, klubun afişa və posterlərini çap edən çapxanalar hələ də bağlıdır. Halbuki onların fəaliyyətinə hakimiyyətin uyğun qurumları rəsmi icazə vermişlər. Yazı çapa hazırlanarkən xəbər gəldi ki, Abdulla Səduqini buraxmalı olublar. Çıxanda deyib ki, məni türk olduğum üçün tutmuşdular. Bir də məni tutsalar, bədənimin hər bir əzasına yazacağam ki, mən türkəm! Bizim güləşçi alqışlananda... Başqa bir xəbərdən isə öyrənirik ki, Qumda güləş üzrə beynəlxalq yarışda İran polisi tamaşaçılara hücum edib. Martın əvvəlində gerçəkləşən bu ikigünlük yarışmaya Azərbaycan Respublikası, Türkiyə, Qazaxıstan, İraq, İran və Ermənistan idmançıları qatılmışdı. Qum şəhərinin Heydərian stadionunda keçirilən yarışda Azərbaycan Respublikasını təmsil edən güləşçi yerli türklər tərəfindən yüksək hərarətlə alqışlanıb. Paho... Bu, İran polisinin heç xoşuna gəlməyib. Asayiş keşikçiləri qəzəblə həmin fanatlara hücum edərək, onları döyüb və təhqir etmişlər. Ruhulla Heydəri və Rəhim Hüseynzadə tutulub. Şübhəsiz, adını "islami hakimiyyət" qoyan bu şovinist rejim və onun polisi bu kimi cılız zorakılıqlar ilə 30 milyonluq türkün milli ruhunu öldürə və susdura bilməz. Bu mümkün olan iş deyil. Bu zorakılıqlar bir bumeranq olub onların özünə qayıdacaqdır. Azərbaycanlılar hər zaman İranda bütün yeniliklərdə və mütərəqqi işlərdə aparıcı rol oynayıblar. Eləcə də idmanda. Əgər xatırlayırıqsa, Pekin Olimpiadasında İrana yeganə qızıl medalı qazandıran, onun himnini səsləndirən Azərbaycan türkü - Hadi Saei idi. Taekvondo üzrə yarışda qalib gəlmişdi. Hadi İranın himnini səsləndirdi, fəqət qazandığı bu medalı Azərbaycan xalqına hədiyyə etdiyini söylədi: "Bu qızılı Azərbaycan xalqına, doğulduğum Bostanovaya həsr edirəm. Xalqın xeyir-duası ilə bu medalı ölkəmə gətirdiyim və İranın bayrağını qaldırğımı üçün çox sevinirəm. İsti və səmim salamlarımı şanlı Azərbaycan xalqı və doğulduğum Bostanovaya, Qarakohülə çatdırıram...". S.Sədrəddin

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar