SON XƏBƏRLƏR

Mahmud Vaizi: “Nüvə razılaşmasından çıxmaqla bağlı Ruhani avropalılara xəbərdarlıq etmişdi”

2021.10.20, 07:36
Mahmud Vaizi: “Nüvə razılaşmasından çıxmaqla bağlı Ruhani avropalılara xəbərdarlıq etmişdi”

Gunaz.tv

GünAz TV: İran Prezident Aparatının rəhbəri Mahmud Vaizi bildirib ki, ölkə prezidenti Həsən Ruhani Avropa ölkələri başçılarına nüvə razılaşmasından çıxmaqla bağlı xəbərdarlıq edibmiş.

 

Onun sözlərinə görə, bir müddət əvvəl Ruhani Avropa liderlərinə ünvanladığı məktubda İran məsələsinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına təqdim edildiyi təqdirdə, ölkəsinin nüvə razılaşmasını tamamilə tərk edəcəyi barədə xəbərdarlıq edib.

 

Vaizi qeyd edib ki, Ruhani məktubu 2019-cu ilin may ayında Almaniya, Fransa, İngiltərə, Rusiya və Çin prezidentlərinə göndərib.

 

“Ruhani 4+1 ölkələri liderlərinə yazdığı həmin məktubda qarşı tərəflərin razılaşmanın müddəalarına əməl etdikləri təqdirdə, İranın da anlaşmaya tam əməl etmək niyyətinin olduğunu bəyan etmişdi”,- deyə Mahmud Vaizi əlavə edib.

 

O, həmçinin Avropanın tərəflər arasında yaranmış mövcud fikir ayrılığı ilə bağlı TŞ-ya müraciət etməsinə qarşı verəcəkləri reaksiyaya səlahiyyətləri olduğunu deyib. Lakin Vaizi hələ ki, bu xüsusda hər hansı qəti qərar qəbul edilmədiyini vurğulayıb.

 

Xatırladaq ki, yanvarın 14-də Almaniya, Fransa və İngiltərə rəsmi Tehrana qarşı “tətik mexanizmi”ni işə salacaqlarını elan etmişdilər. Bu mexaniz nüvə razılaşmasını imzalayan ölkələr arasında yaranmış ixtilafları aradan qaldırmaqla məşğul olur. Əgər Avropa ölkələri bu istiqamətdə Təhlükəsizlik Şurasına üz tutarlarsa, bu, sonda BMT-nin İrana qarşı yenidən beynəlxalq sanksiyalar qəbul etməsi ilə nəticələnə bilər.

 

Xarici İşlər naziri Məhəmməd Cavad Zərif də daxil olmaqla, iranlı rəsmilər sözügedən mexanizmin işə salındığı təqdirdə, rəsmi Tehranın Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsini tərk edəcəyi ilə bağlı Avropanı təhdid ediblər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar