SON XƏBƏRLƏR

Moskva niyə Tehranı yalnız buraxdi?!

2021.10.20, 07:36
Moskva niyə Tehranı yalnız buraxdi?!

Gunaz.tv

GünAzTv: “Rusiyanın İranı yarıyolda qoyacağı əvvəlcədən məlum idi. Bu vaxta qədər Rusiya İrana silah, nüvə texnologiyası satırdı, "Buşehr" AES-i tikirdi və Tehrandan möhkəm pul qazanırdı. Həmçinin Moskva İranın vasitəsilə Ermənistanı gücləndirirdi. İran da Rusiyanın tələbi ilə Ermənistanı tam iqtisadi cəhətdən təmin etməklə məşğul idi. Amma Rusiyanın marağı Amerika ilə birlikdə olmaq idi. Bu da son nəticədə özünü göstərdi".

Politoloq Vəfa Quluzadə Rusiyanın İrana qarşı sanksiyaları nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının qətnaməsinə səs verməsinə münasibət bildirərkən bunları söylədi. Ekspertə görə, xristian təəssübkeşliyi də bu məsələdə rol oynayıb: “İranın müsəlman, Rusiyanın xristian ölkəsi olmasını unutmaq lazım deyil. İran elə bilirdi ki, Rusiya gəlib onun dostu ola bilər. Rusiya xristian ölkəsinin dostu ola bilərdi və bu yolu da seçib. Üstəlik də Amerika dünyanın aparıcı, ən güclü ölkəsidir. Rusiya Amerikadan asılı vəziyyətdədir. Ona görə də ABŞ bir qədər səsini yüksəldəndə Rusiya İranı satdı”.Ancaq V.Quluzadə İrana qarşı sanksiyaları həyata keçirməyin elə də asan olmayacağı qənaətindədir: “İqtisadi və digər əlaqələr embarqoya baxmayaraq, yenə də işləyəcək. Siz hesab etməyin ki, BMT-nin qəbul etdiyi embarqo mütləq bir şeydir, orda deyildisə, deməli, heç kəs İranla çalışmayacaq. Çin də, Rusiyanın əksər firmaları da İranla əlaqələri davam etdirəcək”.Azərbaycanın durumuna gəldikdə, V.Quluzadə deyir ki, ölkəmizin vəziyyətini ABŞ başda olmaqla bütün dünya başa düşür: “Azərbaycan bu dəqiqə İrandan asılıdır. Bütün yüklərimiz İran ərazisindən blokada şəraitində olan Naxçıvana daşınır. Ona görə də Azərbaycan İranla bütün dost əlaqələrini davam etdirəcək. O cümlədən də Türkiyə bu əlaqələri davam etdirəcək. Türkiyə xalqı razı olmaz ki, Amerikanın əmri ilə Türkiyə İranı blokadaya alsın”.Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri isə deyir ki, Moskvanın bu cür davranışında həm obyektiv, həm də subyektiv amillər mövcuddur: “Bunların içərisinə dövlət başçısı Medvedyevlə baş nazir Putinin konkret məsələlərə münasibətdə fikir ayrılıqları da daxildir. Məsələn, Medvedyev Rusiyanın xilasını idarəetmə də daxil bütün sahələrdə modernləşmədə görür. Ancaq bunun reallaşması üçün Rusiyanın resursları kifayət deyil və Qərbin köməyinə möhtacdır. Bu baxımdan Rusiya prezidenti bir çox məsələlərdə Qərblə, xüsusilə də ABŞ-la uzlaşmağa meyllidir. Medvedyevin bu cür mövqeyi İran, Dağlıq Qarabağ və Gürcüstan məsələlərində də eynilik təşkil edir. Rusiyanın baş naziri Putin isə bu bölgələrdə Rusiyanın yenidən güclənməsinə qədər hazırkı status-kvonun saxlanmasında təkid edir. Bu yöndə Putinin son Türkiyə səfərində də mövqeyinin dəyişmədiyi göründü və bu, zaman-zaman Rusiya üçün müttəfiqlərin itirilməsi yönündə problemlərin yaşanacağını göstərir. Məhz bu cür ikili davranış İranda müəyyən şübhələrə yol açdı ki, bu da ABŞ-ın əvvəldən Rusiyaya İranın nüvə probleminin həllində stavka etməsinə rəğmən heç bir müsbət nəticəyə gətirmədi".N.Mirinin fikrincə, BMT-nin sanksiya qərarı dünyanın söz sahiblərinin kimlərin olduğunu bir daha nümayiş etdirməkdən başqa heç nə deyil və bunun bir işə yarayacağı gözlənilmir: “Çünki İndiyə qədər İranın əleyhinə 3 qətnamə qəbul olunub və bunların heç biri işləməyib. Dördüncü qətnamənin də işləyib-işləməyəcəyi sual altındadır. Üstəlik, Türkiyə bu cür davranışı davam etdirsə, bu, İran əleyhinə dairənin qapanmasına imkan verməyəcək. Türkiyənin yerləşdiyi coğrafi mövqe İran iqtisadiyyatının əlaqəli şəkildə işləməsi üçün körpü rolunu oynayacaq”.Təşkilat rəhbəri də hesab edir ki, BMT-də qətnamənin qəbulu Rusiyanın İranla əlaqələri birmənalı kəsməsi anlamına gəlməməlidir: “Rusiya İranla atomun sülh məqsədləri ilə istifadə olunması, energetika, kosmos və nəqliyyat sahəsində əməkdaşlıq edə bilər. Kremlin son anda İranı bazarlıq elementinə çevirməsinə gəlincə, bu SSRİ-nin varisi olan Rusiya üçün xarakterikdir. SSRİ dağılandan sonra Rusiya hər hansı bir qlobal prosesi axıradək öz xeyrinə dəyişmək imkanında olmadığı üçün zaman-zaman ən azından hadisələrdən yararlanmaq naminə siyasət yürütməyə səy göstərib. Bu cür davranış zamanında Əfqanıstan, Yəmən, İraq, İrana qarşı olub, gələcəkdə isə Ermənistan və Türkiyəyə münasibətdə də təkrarlanacağı istisna deyil”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar