SON XƏBƏRLƏR

İran mətbuatından Zəngəzur dəhlizi ilə bağlı iddia: "İran hərbi müdaxilə hüququna malikdir”

2021.10.20, 07:36
İran mətbuatından Zəngəzur dəhlizi ilə bağlı iddia: "İran hərbi müdaxilə hüququna malikdir”

Gunaz.tv

“Bəziləri Zəngəzur dəhlizinin açılmasını Ermənistan-Azərbaycan arasında münaqişə bölgəsində problemin həlli istiqamətində bağlanmış müqavilənin bir hissəsi kimi qələmə verir, bunu iki ölkənin daxili işi sayırlar.

Ancaq bu belə deyil. Bu addım birbaşa İranın bölgədəki siyasi, strateji və iqtisadi maraqlarına qarşı hesablanmış addımdır. Bu baş verdiyi halda İran hərbi müdaxilə hüququna malikdir”-deyə, “Keyhan” yazıb.

Yazıda Qarabağın azad edilməsi əməliyyatlarında Amerika və İsrailin Azərbaycan ordusuna yardım etdiyi iddia olunur. Qeyd edilir ki, bunun arxasında hər iki dövlətin İrana qarşı planları durur.

“İlham Əliyevin mətbuata müsahibəsində İsrailin Qafqazda və Azərbaycanda qüvvə və texnikalarının olduğunu açıq şəkildə bildirməsi pərdə arxasında olan başqa məsələlərdən xəbər verir”-deyə, sayt bölgədə baş verən dəyişikliklərin İranın nüfuzunu azaltmağa, onun milli təhlükəsizliyinə zərbə vurmağa yönəlmiş planlı hərəkətlər olduğunu yazıb.

Yazıda bildirilir ki, belə olduğu təqdirdə, Zəngəzur dəhlizinin açılmasının reallaşacağı halda İran heç yerdən və heç kimdən icazə almadan qəti addım ata, məsələnin qarşısını almaq üçün hərbi müdaxilə edə bilər.

Nəzərə alsaq ki, adı çəkilən mətbuat orqanı İranın SEPAH-ın və  mühafizəkar qanadın əsas orqanlarından biri sayılır. Bu baxımdan yazının İranın hərbi dairələrinin baxışını əks etdirdiyini söyləmək olar.

Qeyd edək ki, “Keyhan”ın məsulu radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Seyid Əli Xamneyinin göstərişi ilə bu vəzifəyə təyin olunub.

Burada gedən yazılar İranın ali rəhbəri Əli Xamneyinin başçılıq etdiyi mühafizəkar qanadın, SEPAH-ın və ETTELAAT-ın mövqelərini əks etdirir.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar