SON XƏBƏRLƏR

Ruhani: “İranı öz neftini satmaqdan məhrum etmək çox təhlükəli olacaq”

2021.10.20, 07:36
Ruhani: “İranı öz neftini satmaqdan məhrum etmək çox təhlükəli olacaq”

Gunaz.tv

GünAzTV: BMT Baş Assambleyasının növbəti toplantısına qatılmaq üçün Nyu-Yorka səfər edən İran prezidenti Həsən Ruhani, sentyabrın 24-də jurnalistlərə açıqlamasında, Vaşinqtonun İran neftinin satışına qoyduğu sanksiyadan danışaraq, ABŞ prezidenti ilə hər hansı bir görüşün mümkünlüyünü rədd edib.

 

Ruhani deyib ki, Amerikanın İran neftinin satışını əngəlləməsi mümkün deyil: “İran neftinin satışına qoyulan sanksiyanın əməldə gerçəkləşdirilməsi nəinki mümkün deyil, hətta çox da təhlükəli olacaq. Biz isə beynəlxalq qanunlar çərçivəsində dost ölkələrlə qarşılıqlı ticarət əlaqələrimizin davam edəcəyini ümid edirik.

 

Bir şeyi nəzərə almalıyıq ki, Amerikanın bu günə qədər qoyduğu sanksiyalar təkcə İranın yox, həm də beynəlxalq şirkətlərin ziyanına olub. ABŞ prezidenti Donald Trampla görüşmək məsələsinə gəlincə, hesab edirəm ki, bu mümkün deyil və mənim onunla görüşmək üçün hər hansı bir planım yoxdur”.

 

Ruhani, İran neftinin satışına qoyulan qadağa və məhdudiyyətlərin hansı "təhlükə"lərə səbəb olacağını açıqlamayıb.

 

Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb. Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinin satışına sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar