SON XƏBƏRLƏR

Serj Sarkisyan: İran Ermənistan üçün çox vacib ölkədir

2021.10.20, 07:36
Serj Sarkisyan: İran Ermənistan üçün çox vacib ölkədir

Gunaz.tv

GünAzTv: İran Ermənistan üçün çox vacib ölkədir. Trend-in məlumatına görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan "Exo Moskvı" radiostansiyasına müsahibəsində bildirib.

"İran Ermənistan üçün çox vacib ölkədir, ona görə yox ki, biz bir çox əsrlərdə qonşu olmuşuq və indi də qonşuyuq. Bunun başqa səbəbləri də var. Faktiki olaraq, İran bizim xarici aləmlə ünsiyyət qurduğumuz iki ölkədən biridir", - Sarkisyan bildirib.

Prezidentin sözlərinə görə, İranla problemlərə malik olmaq "Ermənistanın nəfəs aldığı borunun getdikcə daralması" deməkdir.

"Ona görə də biz həmişə bu barədə öz avropalı tərəfdaşlarımızla da , ABŞ-la (Amerika Birləşmiş Ştatları) da, Rusiya ilə də danışırıq", - o, deyib.

Sarkisyan qeyd edib ki, İran çoxlu sayda erməni diasporunun yaşadığı ölkədir.

"Əlbəttə, onlar İran vətəndaşlarıdır. Lakin Ermənistan dövləti hansısa ölçüdə bu və ya digər ölkədə yaşayan ermənilərə görə məsuliyyət daşıyır və biz sadəcə olaraq bu icma ilə münasibətlərə hansısa pis təsir göstərməyə təhrik etməmək üçün cavabdehik", - o, deyib.

Prezident Ermənistanla İran arasında iqtisadi əlaqələrin mövcudluğunu da qeyd edib.

"İndi biz daha çox infrastruktur layihələr həyata keçirməyə çalışırıq: Ermənistan-İran dəmir yolunun tikintisi haqqında razılaşma mövcuddur", - o, deyib. Sarkisyanın sözlərinə görə, bundan başqa, Araz çayında su elektrik stansiyasının birgə tikintisinə başlanılıb.

"Ermənistan iqtisadiyyatı üçün vacib olan digər layihələr də var", - o, deyib.

Ertmənistana neft məhsullarının idxalı üçün 2014-cü ilədək Təbrizdən Yerevana 365 kilometrlik boru kəməri tikiləcək. Bu obyektin tikintisi İranın neft nazirinin müavini Əlirza Zeyqəminin başçılıq etdiyi nümayəndə heyətinin Ermənistana üç günlük səfər çərçivəsində müzakirə olunub.

Tərəflər Ermənistanla İran arasında tikintisi 2012-ci ilin yayında başa çatacaq yeni, üçüncü yüksəkgərginlikli elektrik ötürücüsü xəttinin (EÖX) çəlilişini müzakirə ediblər.

Ermənistan rəhbərinin sözlərinə görə, İranla, digər islam və ərəb ölkələri ilə "hamar" münasibətlər Yerevan üçün çox mühümdür.

"Mən Tehrandakı Ararat mərkəzində oldum, orada özünü Ermənistandakı kimi hiss edirsən. Bütün şərait qardaş və bacılarımızın bu mərkəzdə Ermənistanda nə tapa bilərlərsə, onu tapa biləcəklərindən xəbər verir", - o, deyib.

Sarkisyanın sözlərinə görə, İranın nüvə proqramına münasibətdə Ermənistan Tehranın atomdan dinc məqsədlər üçün istifadə hüququnu tanıyır.

"Bizim özümüzün də atom stansiyamız var.  İranın əlbəttə, buna tam hüququ var, lakin biz həm bizdəki, həm də İrandakı işlərin BAEA-nin nəzarəti altında aparılmasında maraqlıyıq", - o, deyib.

ABŞ və digər Qərb ölkələri İranı dinc nüvə proqramı adı altında hərbi məqsədlərlə nüvə silahının hazırlanmasında ittiham edirlər. Tehran nüvə proqramının yalnız dinc xarakter daşıdığını bəyan edərək bütün ittihamları rədd edir. Bu günə qədər BMT-nin Təhlükəsizlik Şurası tərəfindən İranın nüvə proqramını dayandırmaq üçün altı qətmanə qəbul olunub, onlardan dördü İrana qarşı iqtisadi və siyasi sanksiyanı nəzərdə tutur, iki qətnamə isə xəbərdarlıq xarakteri daşıyır.

İranın nüvə proqramı BAEA-da onun gizli fəaliyyəti məlum olduqdan sonra - 2003-cü ildən etibarən narahatlıq doğurub. 2003-cü ilin sonunda İran Nüvə silahının yayılmaması haqqında Müqaviləyə əlavə Protokolu imzalayıb və uranın zənginləşdirilməsi üzrə işlərin dayandırıldığını könüllü elan edib. Lakin sonralar yenidən bu fəaliyyətə qayıdıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar