SON XƏBƏRLƏR

Təbrizdə baş verən kimyəvi turşu hücumunda 3 nəfər xəsarət alıb

2021.10.20, 07:36
Təbrizdə baş verən kimyəvi turşu hücumunda 3 nəfər xəsarət alıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində növbəti dəfə kimyəvi turşu ilə hücum faktı qeydə alınıb.

 

Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu, son iki ay müddətində Təbrizdə qeydə alınan üçüncü kimyəvi turşu hücumudur.

 

Aprelin 29-da Təbrizin Vəhdət xiyabanında baş verən hadisədə 48 yaşlı bir kişi naməlum səbəbdən iki nəfərin üzünə turşu atıb. Məlumata görə, onun özü də etdiyi cinayətin qurbanı olub. Göz nahiyyəsindən cüzi xəsarət alan hücumçü ilkin tibbi yardım göstərildikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Hücuma məruz qalan şəxslərdən birinin 30, digərinin isə 25 yaşı olub. Bədəninin 15 faizi yanan 30 yaşlı kişinin sol gözünü itirmə ehtimalı var, o biri şəxsin isə 6 faiz yanğın xəsarəti ilə xəstəxanaya yerləşdirildiyi bildirilir.

 

Hələlik hadisənin təfərrüatı haqda geniş məlumat yoxdur.

 

Təbrizdə son iki ay müddətində daha iki oxşar fakt qeydə alınıb. Aprelin 21-də 37 yaşlı bir qadın həyat yoldaşı tərəfindən kimyəvi turşu hücumuna məruz qalaraq 50 faiz yanğın xəsarəti ilə Sina Xəstəxanasına yerləşdirilib.

 

Martın 19-da isə 26 yaşlı Məsumə Cəlilpur rədd cavabı verdiyi elçisi tərəfindən kimyəvi turşu hücumuna məruz qalmışdır. Onun faciəvi hekayəsi mətbuatda və toplumda geniş əks-səda doğurmuşdu.

 

Qadın haqları müdafiəçiləri İranın müxtəlif bölgələrində bu kimi hücumların sistemli şəkildə törədildiyini önə çəkirlər. Onlar hakimiyyət və hakimiyyətə yaxın qrupların bu hücumlara zəmin yaratdığını, eləcə də hadisələri önləmək istiqamətində hökumətin ciddi bir addım atmadığından şikayətlənirlər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar