SON XƏBƏRLƏR

Təşkilat rəisi Urmu gölünün duzunun talanmasına haqq qazandırdı

2021.10.20, 07:36
Təşkilat rəisi Urmu gölünün duzunun talanmasına haqq qazandırdı

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, uzun illərdir böhran içində olan Urmu gölünün canlandırılması üçün heç bir tədbir almayan İran rejimi gölün quruyan hissələrindəki duzları dəyər-dəyməz qiymətinə yerli olmayan şirkətlərə satır.

 

Qərbi Azərbaycan Ticarət, Mədən və Sənaye Təşkilatının rəisi Qulamrza Babayi Qərbi Azərbaycan prokurorunun Urmu gölünün duzunun şirkətlər tərəfindən daşınması məsələsinə baxdığını bildirərək qeyd edib ki, bu məsələ Urmiyanın millət vəkillərindən birinin tələbi əsasında gündəmə gəlib.

 

Qulamrza Babayi bu barədə “Fars” xəbər agentliyinə danışıb.

“Gölün duzunun həddindən artıq miqdarda götürülməsi açıqlaması millət vəkilinin şəxsi fikiridir. Qonşu əyalətdən olan şirkətlərdən birinin Urmu gölünün duzuna ehtiyacı var. Ətraf Mühit İdarəsi həmin şirkətə rəsmi icazə verib.

Şirkət kontrol olunur və məhdud miqdarda ərazidən duz götürür. Heç bir nigaranlığa əsas yoxdur.”- deyə o bildirib.

 

Yerli əhalinin etirazından xəbərdar olan Qərbi Azərbaycan Ticarət, Mədən və Sənaye Təşkilatının rəisi gölün duzunun talanmasına haqq qazandırmaq üçün əlavə edib ki, bu şirkətin fəaliyyəti bölgəyə xeyir gətirir. Ona görə ki, həmin şirkətdə çox sayda insan işləyir.

 

Bu barədə sentyabr ayında yerli məsullardan biri İnstaqram səhifəsində video paylaşmışdır. Videoda gölün quruyan hissəsində ağır texnikanın işlədiyi və duzun daşındığını görünürdü.

Urmiyanın İran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur şəxsi səhifəsində paylaşdığı mətndə qeyd etmişdir ki, “hansı idarəçilik məntiqi deyir ki, Urmu gölünün 20 hektar ərazisində yalnız 100 milyon tümənlik duz var?! Hansı tehranlı məsul buna icazə verib?!”

 

Qeyd edək ki, dövlətin Urmu gölünü qurtarmaq yerinə, gölün duzunu hökumətə yaxın şirkətlərə satması qərarı bölgə əhalisinin kəskin etirazına səbəb olub. Gölün duzu o halda talanır ki, duzun qazılaraq daşınması məntəqənin ətraf mühitinə ziyan vurmaqla yanaşı, yolların dağılması, əkin ərazilərinin ziyan görməsi, göldə duzla bağlı balansın pozulması və güclü duz fırtınalarının əmələ gəlməsinə səbəb olur. Bütün bunlar o deməkdir ki, Urmu gölünün xeyiri başqalarına, ziyanı isə yerli əhaliyə nəsib olmaqdadır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar