SON XƏBƏRLƏR

Xamneyi odun üzərinə benzin səpdi: "Polislər təxribatçı etirazçılara lazımi cavabı versinlər"

2021.10.20, 07:36
Xamneyi odun üzərinə benzin səpdi: "Polislər təxribatçı etirazçılara lazımi cavabı versinlər"

Gunaz.tv

GünAz TV: İranın "dini lider"i Əli Xamneyi ölkədə benzinin qiymətinin 300% artırılmasına dəstək nümayiş etdirib.

 

O, bu gün "fiqh xarici dərs" zamanı etdiyi çıxışda polis və təhlükəsizlik qüvvələrini etiraz edən sivil insanlara qarşı "lazım olan tədbirləri görməyə" çağırıb.

 

"Mən bu sahədə mütəxəssis olmadığıma görə, benzinin qiymətinin bahalaşması xüsusunda bir söz deyə bilmərəm. Amma hər 3 dövlət sisteminin başçılarının qəbul etdiyi qərarı dəstəkləyirəm", - deyə "dini lider" əlavə edib.

 

Xamneyi benzinin qiymətinin artırılması ilə bağlı daha öncə hər 3 sistemin rəhbəri ilə keçirdiyi görüş zamanı onlara bu xüsusda fikri olmadığını, lakin qəbul ediləcək bütün qərarları dəstəklədiyini, bahalaşma ilə bağlı qərarın da onlar tərəfindən qəbul edildiyini deyib. O, etirazçı xalqı "təxribatçı" adlandıraraq, qərarın icra edilməsinin "zəruri" olduğunu bildirib.

 

Qeyd etmək lazımdır ki, Ümid Fraksiyası benzinə tətbiq edilmiş qiymət artımının ləğv edilməsi üçün təkliflər paketi hazırlasa da, Xamneyinin bu sözlərindən sonra o, Milli Məclisin gündəliyindən çıxarılıb.

 

Xamneyi çıxışı zamanı etirazlar zamanı bir neçə nəfərin öldürüldüyünü və bir çox dövlət idarəsinin dağıldığını təsdiqləyib. Onun bu etirafına qədər yerli media orqanları yalnız Sircanda 1 nəfərin öldüyünü bildirirdilər.

 

Bu gün Milli Məclisin idarə heyətinin sözçüsü Əsədullah Abbasi Şəhriyar rayonunda bir nəfərin də təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsi faktını təsdiqləyib. Bundan başqa, Kirmanşah əyalətinin polis rəisi İlahiyyə qəsəbəsinin 24 saylı polis şöbəsinin İrəc Cəvahiri adlı əməkdaşının etirazlar zamanı həlak olduğunu iddia edib.

 

Qeyri rəsmi məlumatlara əsasən, müxtəlif şəhərlərdə polisin açdığı atəş nəticəsində indiyə qədər 40-a yaxın insan həyatını itirib.

 

Xamneyi çıxışının sonunda etirazçı xalqı "təxribatçı, kinli və yararsız" şəxslər, etirazları isə "provokasiya" adlandırıb.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar