SON XƏBƏRLƏR

Xamneyinin göstərişi ilə Ruhani Koronavirusla Mübarizə Qərargahının sədri təyin edilib

2021.10.20, 07:36
Xamneyinin göstərişi ilə Ruhani Koronavirusla Mübarizə Qərargahının sədri təyin edilib

Gunaz.tv

GünAz TV: Son günlər İran siyasi elitasının bəzi nümayəndələri Koronavirusla Mübarizə Qərargahının idarəçiliyinin Səhiyyə nazirindən alınaraq, prezident Həsən Ruhaniyə verilməsini istəyirdilər.

 

Həmin rəsmilər ölkədə hər ötən gün epidemiyanın daha çox can aldığığını əsas gətirir və buna görə də, Qərargaha daha yuxarı dövlət instansiyasının rəhbərlik etməsini istəyirdilər. Onlar əsas namizəd kimi İranın vitse-prezidenti İshaq Cahangirinin adını çəkirdilər.

 

Lakin ötən gün axşam saatlarında İranın Kanal 2 Televiziyasında Parlamentin spikerinin müavini Məsud Pezeşkiyanın sözügedən qərargaha prezidentin təyin edilməsi ilə bağlı səsləndirdiyi fikirlər yayınlanıb. Pezeşkiyan bildirib ki, Əli Xamneyi spiker Əli Laricaninin koronavirus böhranı ilə bağlı ona ünvanladığı məktuba verdiyi cavabda artıq bundan sonra Koronavirusla Mübarizə Qərargahına Həsən Ruhaninin başçılıq edəcəyini bildirib.

 

Qərargahın rəhbəri kimi prezidentin təyin edilməsi İranda koronavirusun daha da nəzarətdən çıxdığını göstərir. Hər gün onlarla ölkə vətəndaşı epidemiyadan dünyasını dəyişir. Bunun müqabilində isə rəsmilər böhranı nəzarətə almaq üçün heç bir tədbir görmürlər.

 

Bu gün prezident Həsən Ruhani bir neçə günlük sükutunu pozaraq, Nazirlər Kabinetinin iclasını çağırıb və orada özünə qarşı yönəlmiş tənqidlərə sərt reaksiya verib.

 

Son günlər ərzində İran Dövlət Teleradio Şirkəti başda olmaqla, bir çox media qurumlarında Ruhaninin koronavirusun yayılmasına görə yoxa çıxması ilə bağlı tənqidlər səsləndirilmişdi. Eləcə də, bəzi millət vəkilləri də prezidentin xəstəlik səbəbindən ölkədə yaranan böhranlı vəziyyətdə inzivaya çəkilməsinə sərt reaksiya vermişdilər.

 

Ruhani bütün bu tənqidlərə bildirdiyi münasibətdə həmin xəbərləri "şayiə" adlandırmaqla yanaşı, kinayə ilə Dövlət Teleradio Şirkətinin xəbər diktorunun "prezident üçün darıxmasını" da tənqid edib.

 

Ruhani çıxışı ərzində "dini lider" Əli Xamneyi tərəfindən Koronavirusla Mübarizə Qərargahının sədri təyin edilməsi ilə bağlı heç nə deməyib.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar