Günaz TV "Report"a istinadən xəbər verir ki, təşkilatın rəsmi nümayəndəsi öz növbəsində bildirib ki, ATƏT Katibliyi bu müzakirələr nəticəsində qəbul edilən bütün qərarları həyata keçirməyə hazırdır.
ATƏT-də təsdiq ediblər ki, avqustun 11-də Azərbaycan və Ermənistandan Minsk qrupu və digər əlaqəli institutların ləğvi məsələsinin Nazirlər Şurası tərəfindən həll edilməsinin təklif olunduğu birgə müraciət daxil olub.
"Biz avqustun 8-də Vaşinqtonda imzalanmış razılaşmaları alqışlayırıq, Azərbaycanı və Ermənistanı bu nailiyyət münasibətilə təbrik edir və Amerika administrasiyasının bu prosesə dəstəyini yüksək qiymətləndiririk", - təşkilatdan vurğulanıb.
Təşkilatın rəsmi nümayəndəsinin sözlərinə görə, ATƏT Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin edilməsinə yönəlmiş bütün səylərə sadiq qalır.
ATƏT-in Minsk qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etmək üçün yaradılmışdı. Azərbaycanın qələbəsi ilə başa çatan 2020-ci ilin payızındakı Vətən müharibəsindən sonra rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağ münaqişəsi həll olunub və belə olan halda nə ATƏT-in Minsk qrupuna, nə də onun institutlarına ehtiyac var. Bununla əlaqədar olaraq Azərbaycan Ermənistana Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət etməyi təklif edib. Avqustun 8-də Vaşinqtonda iki ölkənin xarici işlər nazirləri Azərbaycan, Ermənistan və Amerika liderlərinin iştirakı ilə Minsk qrupunun buraxılması haqqında birgə müraciət imzalayıblar. ATƏT-in Minsk qrupunun ləğvi Azərbaycanın Ermənistanla sülh sazişi imzalamaq üçün irəli sürdüyü iki şərtdən biri idi.
Üç həmsədr ölkə - Amerika, Rusiya və Fransadan başqa, qrupa Belarus, Almaniya, İtaliya, Türkiyə, Finlandiya və İsveç, Azərbaycan və Ermənistan daxildir.
C