SON XƏBƏRLƏR

İtaliya azərbaycanlı məhbusa fəxri vətəndaşlıq verdi

2025.08.30, 11:39
İtaliya azərbaycanlı məhbusa fəxri vətəndaşlıq verdi

İtaliyanın Fabriano şəhər şurası bütün üzvlərin yekdil səsi ilə edam cəzasına məhkum edilmiş güney azərbaycanlı qadın fəal Şərifə Məhəmmədiyə fəxri vətəndaşlıq verilməsi planını təsdiqləyib.

Gunaz.tv

Bununla bağlı Fabriano Şəhər Şurasının üzvü Marta Riçotetti məlumat verib.

"Bu qərar qadınların və işçilərin hüquqlarının müdafiəsində dinc fəaliyyətlərinə görə və şəhərin Bərabər İmkanlar Komissiyasının təşəbbüsü ilə verilmişdir",- o bildirib.

O, fəxri vətəndaşlığın verilməsi səbəbini açıqlayıb və Tehran rejiminin repressiya və edamları qarşısında susanları İran hökuməti ilə əlbir olmaqda ittiham edib:

"Fəxri vətəndaşlığın verilməsi sadəcə simvolik bir hərəkət deyil, azadlıq və insan ləyaqəti uğrunda mübarizə aparanlara səs vermək cəhdidir. Qərar həm də edamların dayandırılması və İran hakimiyyətinin bu hökmlərə yenidən baxması üçün beynəlxalq təzyiqi artırmaq məqsədi daşıyır. Susmaq İran hökumətinin əməllərinə şərik olmaq deməkdir, ancaq danışmaq müqavimət və hüquqları pozulanlarla  həmrəylik vasitəsidir".

Şərifə Məhəmmədi ilə yanaşı edama məhkum edilən Vərişə Muradi və Pəxşan Əziziyə də fəxri vətəndaşlıq verilib.

Qeyd edək ki, hazırda Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan Şərifə Məhəmmədi haqqında bundan əvvəl çıxarılan ölüm hökmünü İran Ali Məhkəməsinin 29-cu bölməsi təsdiq edib.

5 dekabr 2023-cü ildə həbs edilən Şərifə Məhəmmədi  "xaricdə hökumətə müxalif olan təşkilata üzv olmaq"da günahlandırılıb və edam cəzasına məhkum edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar