SON XƏBƏRLƏR

Vəziyyət daha da pisləşib - Pezeşkian

2025.12.29, 09:39
Vəziyyət daha da pisləşib - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian ölkənin hazırkı vəziyyətini 8 illik İraq-İran müharibəsi dönəmindən daha çətin adlandırıb.  

Gunaz.tv

Pezeşkianın müsahibəsi İranın ali dini lideri Əli Xaməneinin saytında dərc olunub. Ölkə prezidenti deyib ki, İran hazırda ABŞ, Avropa və İsraillə genişmiqyaslı müharibə vəziyyətindədir.  

Pezeşkian həmçinin ölkədə ciddi enerji böhranı olduğunu və elektrik enerjisi defisitinin 30000 meqavata çatdığını bildirib. O bir müddət əvvəl yanacaq qiymətlərinin artırılmasını da müdafiə edib.  

Məhz yanacaq qiymətlərinin artırılması ölkədə məhsulların qiymətinin artımına gətirib çıxarıb. Nəticədə dekabrda İranda inflyasiya 52% təşkil edib.  

Təkcə inflyasiya yox, ölkənin milli valyutası olan tümənin də vəziyyəti qənaətbəxş deyil. Belə ki, tümən dollara münasibətdə yenə ucuzlaşıb və indi 1 dollar 144 min tüməndən baha satılır. Tümənin dəyər itirməsi digər xarici valyutalara qarşı da müşahidə edilib.   

İranın yerli “Sazandeqi” qəzeti bazar günü valyuta və qızıl bazarındakı vəziyyəti “yanğın vəziyyəti” deyə təsvir edib. Ölkənin Məsləhət Şurasının üzvlərinin əksəriyyəti isə valyuta və qızılla bağlı yaranmış vəziyyətə görə, Mərkəzi Bankın rəhbəri Məhəmməd Reza Farzini günahlandırırlar.  
Müstəqil ekspertlər isə yaranmış vəziyyəti İranın dövlət büdcəsindəki ciddi defisit, xarici valyutanın çatışmazlığı və yüksək inflyasiya ilə əlaqələndirirlər.  

Uzun illər sanksiyalar altında qalan İrandakı iqtisadi vəziyyət İsraillə bu il baş verən 12 günlük müharibədən sonra bir az da pisləşib. Ölkə təkcə iqtisadi çətinliklə yox, həm də ekoloji çətinliklə üz-üzə qalıb. Bu fonda həmçinin İrandakı hakim rejimin Qərblə münasibətləri düzəlməsi üçün ikili yanaşma mövcuddur. Prezident Pezeşkian bu münasibətlərin normallaşdırılmasından yana olsa da Əli Xaməneinin liderlik etdiyi ultrakonservatorlar buna skeptik yanaşırlar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar