SON XƏBƏRLƏR

Bəşər Əsədin əmisi – 40 min nəfərin qətlində rol alan Rifat Əsəd öldü

2026.01.22, 06:11
Bəşər Əsədin əmisi – 40 min nəfərin qətlində rol alan Rifat Əsəd öldü

Gunaz.tv

Rifat Əsəd – Hafiz Əsədin qardaşı və Bəşər Əsədin əmisi – 88 yaşında Birləşmiş Ərəb Əmirliklərində öldü.

Rifat Əsədin İran hökuməti ilə birbaşa və rəsmi əlaqələri olmasa da, İran hökuməti uzun illərdir Bəşər Əsədi və Suriya rejimini dəstəkləyib. Bu dəstək ölkədə repressiyaların, kütləvi qətllərin və daxili müharibənin davam etməsində həlledici rol oynayıb.

Rifat Əsəd 1984-cü ildə qardaşı Hafiz Əsədə qarşı çevriliş cəhdi göstərsə də, bu cəhd uğursuz olub. Bundan sonra o, ölkədən qovularaq Avropaya gedib.

Sonrakı illərdə Rifat Əsəd Böyük Britaniya, İspaniya və Fransada yaşayıb və 2020-ci ildə Avropa məhkəmələri tərəfindən Suriya dövlət vəsaitlərinin mənimsənilməsi ittihamı ilə təqsirli bilinib. Buna baxmayaraq, Bəşər Əsədin onu əfv etməsindən sonra Suriyaya qayıdıb.

Rifat Əsəd Suriya ordusunda yüksək rütbəli komandirlərdən biri olub və “Saraya əl-Difaa” adlı hərbi birləşməyə rəhbərlik edib. 1982-ci ildə Hama şəhərində həyata keçirilən qanlı əməliyyat zamanı təxminən 40 min nəfər öldürülüb, 17 min nəfər itkin düşüb. Şəhərin geniş əraziləri, o cümlədən onlarla məscid və kilsə dağıdılıb.

1982-ci ildə Hama qətliamında birbaşa roluna görə “Hama qəssabı” kimi tanınan Rifat Əsəd, 2024-cü ildə Suriyada baş verən inqilab zamanı ölkədən qaçaraq Birləşmiş Ərəb Əmirliklərinə sığınmışdı.

GünazTV

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar