SON XƏBƏRLƏR

JNS: İranda azlıqların dil hüquqları sistemli şəkildə pozulur

2026.02.18, 20:07
JNS: İranda azlıqların dil hüquqları sistemli şəkildə pozulur

JNS xəbər agentliyi tərəfindən "İranda basqı altındakı dillər naminə" başlığı ilə məqalə dərc olunub.

Gunaz.tv

Jewish News Syndicate (JNS) saytında dərc olunan “Honoring Repressed Languages in Iran” adlı məqalədə İran İslam Respublikasında etnik azlıqların ana dilində təhsil və mədəni ifadə hüquqlarının ciddi şəkildə məhdudlaşdırıldığı bildirilir.

Məqalədə vurğulanır ki, ana dilində təhsil almaq əsas insan hüquqlarından biri olsa da, “bu hüquq İranda milyonlarla insan üçün təmin edilmir”. Azərbaycanlılar, kürdlər, bəluclar, ərəblər və digər icmalar öz dillərini qorumağa çalışdıqları üçün təzyiq və təqiblərlə üzləşirlər.

Yazıda qeyd olunur ki, İran hakimiyyəti regional dillərin istifadəsini separatizm və milli təhlükəsizlik üçün təhdid kimi qiymətləndirir. Bu səbəbdən ana dilində təhsilə imkan verilmir, dil fəalları və müəllimlər isə tez-tez “dövlətə qarşı təbliğat” ittihamı ilə həbs edilirlər.

Məqalədə son illərdə etiraz aksiyalarından sonra repressiyaların daha da gücləndiyi bildirilir. Müəllifin sözlərinə görə, minlərlə insan öldürülüb, minlərlə fəal həbs olunub və işgəncələrə məruz qalıb.

Məqalədə Güney Azərbaycanlı fəallar Abbas Lisani, Əlirza Fərşi, Məhəmməd Rza Fəqihinin mübarizəsindən söz açılır və Əlirza Fərşinin Azərbaycan Türkcəsində uşaq kitabları yaydıqdan sonra həbs edildiyi qeyd edilir.

Ali Reza Farshi
Əlirza Fərşi (2023)

 

Məqalənin sonunda müəllif İranın keçmiş təhsil nazirinin İran əhalisinin 70%-nin ikidilli olması (yəni qeyri-fars olması) haqqında dediyi fikirlər də bir daha xatırlanır və vurğulanır ki, mədəni və dil müxtəlifliyinə hörmət olmadan sosial ədalətin təmin olunması mümkün deyil.

Müəllif beynəlxalq ictimaiyyəti İranda azlıqların dil və mədəni hüquqlarının qorunmasına daha çox diqqət yetirməyə çağırır və ana dilində təhsilin hamı üçün təmin edilməsinin vacibliyini önə çəkir.

Qaynaq: https://www.jns.org/opinion/ayoob-kara/honoring-repressed-languages-in-iran

 

- Cəfər Cəfərli

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar