SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı İran raketlərinə qarşı hərəkətə keçib

2026.03.09, 08:55
Səudiyyə Ərəbistanı İran raketlərinə qarşı hərəkətə keçib

Gunaz.tv

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi ölkənin hərbi təyyarələrinin İranın raket və pilotsuz uçuş aparatlarına qarşı səmanı nəzarətdə saxlamaq məqsədilə hava patrulları həyata keçirdiyini açıqlayıb.

Gunaz TV-nin məlumatına görə, nazirlik yaydığı bəyanatda bildirib ki, bu addım Səudiyyə Ərəbistanının milli təhlükəsizliyini qorumaq və Ərəb Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin hava məkanını müdafiə etmək məqsədi daşıyır.

Bəyanatda qeyd olunub ki, rəsmi Ər-Riyad İranın bölgədə mülki obyektlərə, o cümlədən hava limanlarına və neft infrastrukturlarına qarşı həyata keçirdiyi hücumları qəti şəkildə pisləyir və bu addımları regional sabitlik və təhlükəsizlik üçün ciddi təhdid hesab edir.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi həmçinin vurğulayıb ki, mülki və iqtisadi infrastruktura yönəlmiş hücumlar bölgə üçün təhlükəli nəticələr doğura bilər və beynəlxalq ictimaiyyət bu cür addımlara qarşı mövqe bildirməlidir.

Eyni zamanda Ər-Riyad Səudiyyə ərazisində yerləşən hərbi bazaların İrana qarşı hücumlar üçün istifadə olunduğu barədə iddiaları rədd edib və bu məlumatların əsassız olduğunu bildirib.

Bəyanatda qeyd olunub ki, Səudiyyə Ərəbistanı öz təhlükəsizliyini, suverenliyini və vətəndaşlarını qorumaq üçün bütün zəruri müdafiə tədbirlərini görmək hüququna malikdir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar