SON XƏBƏRLƏR

Fransanın Livan müharibəsini bitirmək planı nədir?

2026.03.15, 06:15
Fransanın Livan müharibəsini bitirmək planı nədir?

Fransanın Livan müharibəsini bitirmək üçün irəli sürdüyü qalmaqallı plan müzakirə olunur. Bu plan həyata keçərsə, onilliklərdir davam edən müharibənin sona çatmasına yol aça bilər. Bəs Livanda müharibə tarixi bir qərarla bitə bilərmi?

Gunaz.tv

Livan müharibəsinin genişləndiyi bir vaxtda yayılan məlumatlara görə, Fransa hökuməti bu müharibəni dayandırmaq üçün gizli bir plan hazırlayıb. Planın əsas şərtlərindən biri Livan hökumətinin ilk dəfə İsraili rəsmi şəkildə tanımasıdır.

Gunaz TV-nin Axios saytına istinadla yaydığı məlumata görə, bu plan Fransa hökuməti tərəfindən hazırlanıb və hazırda İsrail və ABŞ tərəfindən araşdırılır.

Təklifə əsasən, Livan və İsrail Fransa və ABŞ-ın dəstəyi ilə “siyasi bəyanat” imzalamaq üçün danışıqlara başlamalıdır. Danışıqlar əvvəlcə diplomatik səviyyədə aparılacaq, daha sonra isə iki ölkənin siyasi liderləri səviyyəsinə qaldırılacaq. Fransa rəsmiləri bu görüşlərin Parisdə keçirilməsini təklif ediblər.

Bu çərçivədə Livan hökuməti İsrailin suverenliyini və ərazi bütövlüyünü rəsmi şəkildə tanımalı və Livan ərazisindən İsrailə qarşı heç bir hücumun baş verməməsinə zəmanət verməlidir. Eyni zamanda Livan hökuməti Hizbullahın silahsızlaşdırılması və bu qrupun hərbi fəaliyyətinin dayandırılması üçün plan həyata keçirməlidir.

Plana görə, Livan ordusu Litani çayının cənubunda yerləşdirilməlidir. İsrail qüvvələri isə hazırkı müharibə zamanı ələ keçirdiyi ərazilərdən bir ay ərzində geri çəkilməlidir. Birləşmiş Millətlər Təşkilatının sülhməramlı qüvvələri isə Litani çayının cənubunda Hizbullahın silahsızlaşdırılmasına nəzarət edəcək.

Planın növbəti mərhələsində Livan və İsrail “hücum etməmək” barədə razılaşma imzalamaq üçün danışıqlara başlamalıdır. Belə bir razılaşma 1948-ci ildən bəri iki ölkə arasında davam edən rəsmi müharibə vəziyyətinə son qoya bilər.

Bu məlumatlar İsrailin Livanda genişmiqyaslı quru əməliyyatına hazırlaşdığı bir vaxtda yayılıb. Bildirilir ki, bu əməliyyat baş verərsə, iki min altıncı ildən bəri İsrailin Livana qarşı ən böyük quru hücumu ola bilər.

Bununla belə diplomatik mənbələr xəbərdarlıq edir ki, ABŞ-ın güclü siyasi təzyiqi və birbaşa iştirakı olmadan belə bir razılaşmanın əldə olunması olduqca çətin görünür.


GünAzTV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar