SON XƏBƏRLƏR

İran millisi Türkiyədə ilişib qaldı

2026.05.14, 17:30
İran millisi Türkiyədə ilişib qaldı

İran milli komandası Türkiyədə gözləmədə qaldı; ABŞ hələ viza verməyib.

Gunaz.tv

İran Futbol Federasiyasının prezidenti Mehdi Tac 2026 Dünya Çempionatının başlamasına az vaxt qalmasına baxmayaraq, İran milli futbol komandasının heç bir üzvünə ABŞ-a giriş vizasının verilmədiyini açıqlayıb.

İRNA agentliyinin Mehdi Tacdan sitat gətirdiyi məlumata görə, o bildirib: “Sabah ya da birigün FIFA ilə taleyüklü görüşümüz olacaq. Onlar bizə təminat verməlidirlər, çünki viza məsələsi hələ də həll olunmayıb”.

O, ABŞ tərəfinin şəffaf davranmadığını da vurğulayaraq deyib: “Qarşı tərəfdən kimlərə viza verildiyi ilə bağlı heç bir məlumat almamışıq. Hələ heç bir viza gəlməyib”.

Son günlər İranın bu turnirdə iştirakı üçün bütün oyunçulara, məşqçi heyətinə və komanda üzvlərinə viza verilməsini şərt kimi irəli sürən İran Futbol Federasiyasının rəhbəri əlavə edib: “Biz Dünya Çempionatına hazırlaşırıq, amma qarşı tərəfin davranışını gözləyirik”.

Bu arada İran milli futbol komandasının heyəti çərşənbə günü bir neçə günlük təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb. Komandanın buradan ABŞ-a getməsi planlaşdırılır.

Bu açıqlamalar FIFA prezidentinin İranın Dünya Çempionatında mütləq iştirak edəcəyini deməsindən sonra səsləndirilib. ABŞ prezidenti Donald Tramp da İran komandasının yarışlarda iştirakına maneə olmadığını bildirmişdi.

2026 Dünya Çempionatı ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək. Lakin oyunların böyük hissəsi, o cümlədən İranın qrup mərhələsində keçirəcəyi üç qarşılaşma ABŞ-da baş tutacaq.

 

GünAzTV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar