O, səs yazısında bildirib ki, “yaşlı və xəstə anası” ilə birlikdə yaşadığı evə 4 aprel 2026-cı il gecə saatlarında hökumət qüvvələri basqın edib. Onun sözlərinə görə, əməkdaşlar dəmir kəsən alətlə qapını sındıraraq evə daxil olub və onu zorakılıqla həbs ediblər.
Müjdə Haşimi həbs olunduqdan sonra ağır fiziki və psixoloji təzyiqlərə məruz qaldığını bildirib.
O deyib: “Məni İstintaq İdarəsinə apardıqdan sonra başıma, boynuma və bədənimə dəyənəklə zərbələr endirdilər. Bu zərbələr xəsarətlərə, şiddətli ağrılara və səhhətimin pisləşməsinə səbəb oldu.”
Müjdə Haşimi uzun sürən dindirmələrdən, ona diktə edilən mətnləri yazıb imzalamaq üçün göstərilən təzyiqlərdən və davamlı təhdidlərdən də danışıb. O bildirib ki, müstəntiqlər onun dediklərini montaj edərək məcburi etiraf videosu hazırlamağa çalışıb, onu “terrorçu” kimi təqdim etmək və casusluq, ABŞ və İsraillə əməkdaşlıq, xaricdən maliyyə almaq kimi ittihamlarla cinayət işi qurmağa cəhd göstəriblər.
“Düşmənə hərbi bölgələrin koordinatlarını göndərmək”də ittiham olunan Haşimi bu ittihamı rədd edib və bildirib ki, əgər xaricdən pul alsaydı, həyat şəraiti bu qədər ağır olmazdı.
O, həmçinin yaşlı və xəstə anasının vəziyyəti ilə bağlı ciddi narahatlığını ifadə edərək bildirib ki, anası gündəlik işlərini görmək, yemək və çay hazırlamaq, yaxud həkimə getmək imkanında deyil və qızının həbsindən sonra “köməksiz” qalıb.
Ş.A