SON XƏBƏRLƏR

Elyar 27 günlük hüquqi mübarizədən sonra doğum haqqında şəhadətnamə ala bilib

2026.06.06, 11:05
Elyar 27 günlük hüquqi mübarizədən sonra doğum haqqında şəhadətnamə ala bilib

Bir azərbaycanlı ailə 27 gün davam edən hüquqi mübarizədən sonra Səriskənd (Həştrud) şəhərinin Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsini məhkəmədə məğlub edərək oğullarına türk mənşəli “Elyar” adı ilə doğum şəhadətnaməsi almağa nail olub.

Gunaz.tv

Uşağın atası Əbülfəzl Paşanəjad Balamın Adı kampaniyasına bildirib ki, oğlu 9 aprel 2026-cı ildə dünyaya gəlib və ailə ona türkcə Elyar adını seçib. Lakin Səriskənd Qeydiyyat İdarəsinin rəhbərliyi bu adda həmzə işarəsinin olduğunu əsas gətirərək həmin adla sənəd verməkdən imtina edib və yalnız “Əlyar” və ya “İlyar” variantlarının qeydiyyata alınmasının mümkün olduğunu bildirib.

Valideynlər isə bu yazılışların fərqli məna daşıdığını və “Elyar” adı ilə eyni olmadığını əsas gətirərək məhkəməyə müraciət ediblər. Nəticədə Səriskənd Sülh Məhkəməsinin 2-ci şöbəsi qeydiyyat idarəsinin üzərinə uşağa “Elyar” adı ilə doğum şəhadətnaməsi vermək öhdəliyi qoyub. Beləliklə, ailə 27 gün sonra yeni doğulan övladı üçün sənəd əldə edə bilib.

Məhkəmə qərarında qeyd olunub ki, seçilən ad qadağan olunmuş adlar siyahısına daxil deyil və qanunla qadağan edilməyən adın seçilməsi vətəndaşların hüququdur.

Tənqidçilər qeyd edirlər ki, qurum “Elyar”, “Elana”, “Sevgi” və “Elşən” kimi həmzəli türk adlarının qeydiyyatından imtina etdiyi halda, “Faizə”, “Faiqə” və “Maidə” kimi türk kökənli olmayan həmzəli adlar sistemdə icazəli kimi göstərilir və onların qeydiyyatı ilə bağlı heç bir problem yaranmır.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar