SON XƏBƏRLƏR

Təbriz zindanında güneyli fəalın həyatı risk altındadır

2026.06.21, 11:45
Təbriz zindanında güneyli fəalın həyatı risk altındadır

Təbriz həbsxanasında saxlanılan Hüseyn Şerbafipurun həyatı təhlükə altındadır.

Gunaz.tv

Etiraz aksiyalarında yaralanan Güney azərbaycanlı fəalın səhhəti ağır olaraq qalır.

Gunaz TV-nin məlumatına görə, Güney azərbaycanlı məhbus Hüseyn Şerbafipurun Təbriz həbsxanasındakı sağlamlıq vəziyyətinin ağır olduğu və həyatının təhlükə altında qaldığı bildirilir.

Azərbaycan İnsan Haqları Müdafiəçiləri Təşkilatının yaydığı məlumata əsasən, Hüseyn Şerbafipur 8 yanvar tarixində Təbrizdə keçirilən etirazlar zamanı saçma güllələrinin hədəfinə çevrilib və ağır yaralandıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.

Məlumata görə, o, bədənində 200-dən çox saçma qalmasına baxmayaraq Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına aparılıb və həmin şəraitdə dindirilib.

Aldığı ağır yaralar və öd kisəsində yaranan fəsadlar səbəbindən Hüseyn Şerbafipur 17 aprel tarixində Təbriz həbsxanasından İmam Rza xəstəxanasına köçürülərək təcili əməliyyat olunub. Lakin müalicə prosesi tamamlanmadan, 7 may tarixində təhlükəsizlik qüvvələri tərəfindən yenidən həbsxanaya qaytarılıb.

Hazırda onun ciddi sağlamlıq problemləri, infeksiya və aldığı yaraların yaratdığı ağırlaşmalardan əziyyət çəkdiyi bildirilir. Həbsxanaya qaytarıldıqdan sonra vəziyyətinin pisləşməsi səbəbindən yenidən xəstəxanaya aparıldığı qeyd olunur.

Hüseyn Şerbafipur həmçinin işinin qeyri-müəyyən saxlanılmasına, istintaq dövründə məruz qaldığı işgəncələrə və həbsxana rəhbərliyinin müalicə tələblərinə laqeyd yanaşmasına etiraz olaraq bir neçə dəfə aclıq aksiyası keçirib.

 


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar